Ankaradan nümayəndə heyəti Dəməşqə gedib

   Ankaradan nümayəndə heyəti Dəməşqə gedib
  22 Dekabr 2025    Oxunub:1151
Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Qalının rəhbərliyində nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşq şəhərinə səfərə yollanıb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, heyət səfər çərçivəsində Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə və hökumət nümayəndələri ilə görüşlər keçirəcək. Tərəflər Türkiyə və Suriyanın siyasi, iqtisadi və hərbi istiqamətlərdə yenidən qurulan tərəfdaşlığının son bir ilini qiymətləndirəcəklər.
Türkiyə səfiri Suriyada vəzifəsinə başlayıb

Eyni zamanda, Suriyanın yenidən qurulması, "İraq Şam İslam Dövləti" terror təşkilatının dirçəlməsinə qarşı birgə mübarizə, habelə ölkənin cənubunda İsrailin hücumları ilə əlaqədar meydana gələn təhlükəsizlik problemi və başqa məsələlər qiymətləndiriləcək.

Xatırladaq ki, bu gün 12 illik fasilənin ardınca Türkiyənin Suriyada səfirliyi yenidən açılıb, səfir Nuh Yılmaz vəzifəsinin icrasına başlayıb. Sözügedən ikitərəfli görüşlərdə onun da iştirakı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Suriya   heyət   səfər   danışıqlar  



Xəbər lenti