Paşinyan dəmir yollarını Rusiyadan geri almaq istəyir

   Paşinyan dəmir yollarını Rusiyadan geri almaq istəyir
  25 Dekabr 2025    Oxunub:1510
Ermənistan Yerasx, İcevan və Axurik istiqamətində dəmir yolu hissələrini Rusiyanın konsessiya idarəçiliyindən almağa hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşün yekunlarını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, erməni tərəfi Tavuş rayonunda İcevan stansiyasına qədər, Azərbaycanla sərhəddən Yerasxa, həmçinin Türkiyə ilə sərhəddən Axurik stansiyasına qədər olan hissələrdə bərpa işlərinin aparılmasını prioritet sayır.

Paşinyan bildirib ki, İrəvan bu işlərin “rusiyalı tərəfdaşları” tərəfindən tez bir zamanda tamamlanacağını gözləyir.

“Əgər hər hansı maneə və ya başqa suallar yaranarsa, bilirsiniz ki, bu ərazilər Rusiyanın konsessiya idarəsindədir. Birdən bu ərazilərin lazımi qaydada bərpası ilə bağlı Rusiyanın hər hansı probleminin olduğu üzə çıxarsa, mən Ermənistan hökumətinin bu əraziləri konsessiya idarəçiliyindən geri almağa və dövlət vəsaiti hesabına bərpa etməyə hazır olduğunu bildirdim”, - Ermənistanın baş naziri vurğulayıb.

Paşinyan onu da diqqətə çatdırıb ki, Ermənistan nəqliyyat infrastrukturu məsələlərini həll etməklə yanaşı, İranla diplomatik əlaqələri gücləndirməyi planlaşdırır. Ermənistan hökumətinin başçısı İrəvanın Tehranla strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətində olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   dəmiryolu  



Xəbər lenti