İstanbulda Azərbaycan bayraqlı tanker həyəcan siqnalı verib

 İstanbulda Azərbaycan bayraqlı tanker həyəcan siqnalı verib
  30 Dekabr 2025    Oxunub:1230
Türkiyənin İstanbul şəhərinin Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) bildirib. Diqqətə çatdırılıb ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata əsasən, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub:

"Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb. Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək".

AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   tanker   qəza  



Xəbər lenti