Zelenski: Əsir mübadiləsinin bərpası Türkiyədəki danışıqların əsas mövzusudur

Zelenski: Əsir mübadiləsinin bərpası Türkiyədəki danışıqların əsas mövzusudur
  01 Yanvar 2026    Oxunub:419
Ukrayna 2026-cı ildə Rusiya ilə əsir mübadiləsini bərpa etmək üçün səylər göstərir. Bu məsələ Türkiyədə aparılan danışıqların əsas mövzusu olub.
AzVision.az -un məlumatına görə, bu barədə Ukrayna lideri Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

"Bu gün (Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi – red.) Rüstəm Umerov Türkiyədə görüşlər keçirdi – əvvəlcə XİN, sonra isə kəşfiyyatla. Biz yeni (2026-cı) ildə (əsir – red.) mübadilələri bərpa etməyə çox çalışırıq, məhz bu məsələ Türkiyə ilə söhbətin əsas mövzusudur. Bizə bu dəstək lazımdır ki, vətəndaşlarımızı Rusiya əsirliyindən evə qaytara bilək. Ötən il mübadilələr fəal idi, ilin sonunda, təəssüf ki, dayandı, indi isə bərpa olunmalıdır", – deyə paylaşımda qeyd olunub.

Zelenski əlavə edib ki, Rüstəm Umerov hər gün ABŞ və Avropa danışıqlar aparıcıları ilə təmas saxlayır: "Biz formatlar hazırlayırıq, mühüm görüşlərə hazırlaşırıq. 3 yanvar – Ukraynada milli təhlükəsizlik məsələləri üzrə müşavirlərin görüşü olacaq. Bu, Ukraynada sülh məsələləri üzrə ilk belə görüşdür. 15 ölkə təsdiqləyib, üstəlik, Avropa strukturlarının və NATO-nun nümayəndələri də iştirak edəcək".

O həmçinin bildirib ki, 5 yanvarda bir sıra ölkələrin Baş Qərargah rəislərinin görüşü keçiriləcək, 6 yanvarda isə "istəklilər koalisiyası" liderlərinin sammiti baş tutacaq. Zelenski bu görüşlərin əsas məqsədinin Ukrayna üçün hərtərəfli təhlükəsizlik təminatlarının tam işlənməsi olduğunu vurğulayıb..

Qeyd edək ki, 1 yanvarda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.

AzVision.az



Teqlər: Ukrayna   Türkiyə   HakanFidan   VolodimirZelenski  



Xəbər lenti