Formasında “Azərbaycan” sözünü örtən erməni idmançı cəzalandırıldı

   Formasında    “Azərbaycan”    sözünü örtən erməni idmançı cəzalandırıldı
  03 Yanvar 2026    Oxunub:1181
Erməni xizəkçi Mikael Mikaelyan İtaliyada keçirilən nüfuzlu “Tour de Ski” yarışında öz formasının üzərinə “Azərbaycan” sözünü yapışdırdığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
AzVision.az xəbər verir ki, ötən ilin mayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə beşillik sponsorluq müqaviləsi imzalayıb. İndi bəzi yarışlarda xizəkçilərin kostyumlarında ölkəmizin adı titul sponsoru kimi keçir.


Mikaelyanla bağlı insident İtaliyanın Toblah şəhərində Dünya Kubokunun bir hissəsi kimi məşhur xizək yarışı olan “Tour de Ski” yarışlarından biri zamanı baş verib. O, idman formasının sinəsində yazılmış “Azərbaycan” sözünün üstünü yapışqan lentlə örtdüyünə görə FİS tərəfindən cərimələnib.

İsveçin “Expressen” nəşri yazır ki, erməni idmançı izahat verməkdən imtina edib, lakin yenidən cəzalandırılacağı təqdirdə FİS-i boykotla hədələyib.

“Mən bunu niyə etmişəm? Bu, mənimlə Beynəlxalq Federasiya arasında qalır. FIS və Dünya Kuboku qaydalarına əsasən, titul sponsorları formada görünməlidir. Mənim məsələmdə isə belə deyildi. Əgər onlar cəriməni ağlabatan cəza saysalar, mən bununla bağlı heç nə edə bilmərəm. Amma belə hal təkrarlanarsa, yarışmanı boykot edəcəyəm”, - erməni idmançı deyib.

Toblahda keçirilən yarışda Mikaelyan müxtəlif növlərdə 72, 87 və 118-ci yerləri tutub.
“Tour de Ski”də xizəkçilərin kostyumlarında Azərbaycanı reklam etməklə yanaşı, hər yerdə ölkəmizin adı yazılmış böyük reklam lövhələri asılıb.


Xatırladaq ki, bu ilin yazında Azərbaycan moqul (xizəkzürmə fristaylı) üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarış martın 14-15-də Şahdağda baş tutacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:



Xəbər lenti