Dəməşq: “İsrail qoşunları Suriyadan çıxmalıdır”

      Dəməşq:    “İsrail qoşunları Suriyadan çıxmalıdır”
  07 Yanvar 2026    Oxunub:944
İsrail qoşunları Dəməşqin cənubundakı hərbsizləşdirilmiş zonadan çıxarılmadan Suriya-İsrail strateji danışıqlarında irəliləyiş mümkün deyil.
AzVision.az xəbər verir ki, “Al-Ikhbariya” telekanalının məlumatına görə, ABŞ-nin himayəsi altında yanvarın 5-6-da Parisdə Suriya-İsrail nümayəndə heyətləri arasında keçirilən məsləhətləşmələrdən sonra Suriya hökumətindəki mənbə belə deyib.

“Amerika vasitəçiliyi Suriya və İsrail arasında danışıqlar prosesini irəli aparmağa kömək edir. Lakin bunun zəruri şərti İsrail qoşunlarının 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra işğal etdikləri Dəməşqin cənubundakı hərbsizləşdirilmiş zonadan çıxarılması üçün aydın, məcburi cədvəlin hazırlanmasıdır”, - xəbərdə vurğulanır.

Bundan əvvəl israilli mənbəyə istinad edən “N12 TV” telekanalı -nin Parisdə ABŞ-nin patronajlığı ilə keçirilən ikitərəfli danışıqların son raundu zamanı İsrail və Suriyanın etimad yaratmaq və təhlükəsizlik razılaşmasına nail olmaq üçün addımlar atmağa razılaşdıqlarını bildirmişdi.

Paris danışıqlarında İsrail tərəfini ölkənin Vaşinqtondakı səfir Yehiel Leyter, baş nazirin hərbi katibi Roman Qoffman və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini icra edən Gil Rayh təmsil ediblər.

Suriya tərəfdən danışıqlarda ölkənin keçid hökumətindəki Xarici İşlər naziri Əsəd əl-Şeybani və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Hüseyn əl-Salam iştirak edib.

ABŞ nümayəndə heyətinin tərkibinə Suriya üzrə xüsusi nümayəndə Tom Barrak, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner daxil olublar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   İsrail   danışıqlar  



Xəbər lenti