İrakli Qaribaşvili ittihamla və hökmlə razılaşıb

İrakli Qaribaşvili ittihamla və hökmlə razılaşıb
  12 Yanvar 2026    Oxunub:903
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum ediləcək.
AzVision.az xəbər verir ki, Gürcüstanın Baş prokurorluğunun məlumatına görə, cinayəti etiraf etmək barədə saziş imzalayan Qaribaşvili ittiham sövdələşməsinə girməklə yanaşı beş il həbsdə qalmağa razılaşıb.

“Gürcüstanın keçmiş baş naziri həmçinin bir milyon lari məbləğində cərimə olunub və onun cinayət əməlindən qazandığı gəlirləri, eləcə də evində axtarış zamanı ələ keçirilən pulları dövlətə təhvil verməyə məhkum edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, İrakli Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur.

Ötən il pktyabrın 17-də Gürcüstanın Baş Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Partsxaladze, habelə onlara yaxın olan 8 şəxsin evlərində axtarışlar aparıb.

Bu tədbirlər çərçivəsində müxtəlif elektron cihazlar, sənədlər, yeddi milyon dollardan çox və təqribən 140 milyon lari (51 milyon ABŞ dolları) nağd pul, habelə sənət əşyaları və bahalı əşyalar, o cümlədən saatlar götürülüb.

Elə məhkəmə zalında həbs edilən İrakli Qaribaşvili 2013-2014-cü illərdə və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub, həmçinin müdafiə naziri (2019-2021) və Polis naziri (2012-2013) vəzifələrində çalışıb. Qaribaşvili həm də 2013-2015-ci illərdə hakim “Gürcü Arzusu” partiyasının sədri olub. O, bu partiyanın təsisçisi olan milyarder Bizdzina İvanişvilinin ən yaxın adamlarından biri sayılırdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   Qaribaşvili   həbs  



Xəbər lenti