Kreml Solovyovun qovulmasına imkan verməyib

Kreml Solovyovun qovulmasına imkan verməyib
  15 Yanvar 2026    Oxunub:1542
Rusiya prezident administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov telejurnalist Vladimir Solovyovun “Rossiya” telekanalından çıxarılmasının qarşısını alıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli Telegram-kanalların yaydığı məlumatda Solovyovun “Rusiya Mərkəzi Asiyada xüsusi hərbi əməliyyat keçirməlidir” iddiasından sonra onun dövlət televiziyasından qovulması məsələsi gündəmə gəlib.

Lakin Rusiya prezidenti administrasiyasındakı mənbənin sözlərinə görə, Solovyovun baş üstünü yenidən qara buludlar alsa da, Kreml administrasiyası rəhbərinin birinci müavini Qromov ölkənin baş “təbliğatçısı” ilə bağlı hər hansı bir kadr dəyişikliyi qərarına şəxsən veto qoyub.

Məlumatda bildirilir ki, Solovyovun son verilişlərində Mərkəzi Asiyada yeni “xüsusi hərbi əməliyyatın” mümkünlüyünü faktiki olaraq elan etməsi və Mərkəzi Asiya respublikalarını “Rusiya torpaqları” adlandırması Kremllə, daha doğrusu Kremlin bəzi qüllələri ilə Rusiyanın Xarici İşlər nazirliyi arasında güclü narazılıq yaradıb.

Onun belə təxribat xarakterli açıqlamalarının Rusiya diplomatları üçün böyük problemlər yaratdığı, onların özlərini müdafiə etməyə və teleaparıcının fikirlərinin Rusiya rəhbərliyinin mövqeyi olmadığını açıq şəkildə bildirmək məcburiyyətində qaldıqları vurğulanır.

Xatırladaq ki, Solovyov son çıxışlarının birində Rusiyanın Suriya və Venesuela ilə yox, ilk növbədə Ermənistan və Mərkəzi Asiya ölkələri ilə maraqlanmalı, bu ölkələrə qarşı “xüsusi hərbi əməliyyat” keçirməli olduğunu vurğulayıb. Onun bu çıxışından sonra Ermənistan Rusiyaya nota verib. Solovyovun Ermənistan tərəfindən verilən ordendən məhrum olunacağı bildirilib. Qırğızıstanın isə rusiyalı telejurnalisti “arzuolunmaz şəxs” elan edə biləcəyini açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Solovyov   Kreml   müdafiə  



Xəbər lenti