Portuqaliya kokain daşıyan sualtı qayığı saxlayıb

Portuqaliya kokain daşıyan sualtı qayığı saxlayıb
  26 Yanvar 2026    Oxunub:1101
Portuqaliyanın Hərbi Dəniz Qüvvələri rekord miqdarda narkotik daşıyan sualtı qayığın tutulduğunu açıqlayıb.
AzVision.az Portuqaliya Hərbi Dəniz qüvvələrinin yaydığı məlumata istinadən xəbər verir ki, 86 saatdan çox davam edən əməliyyata 60-dan çox şəxsi heyət cəlb olunub.

“Portuqaliya Hərbi Dəniz Qüvvələri ölkə polisi və Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq çərçivəsində dəniz yolu ilə transkontinental narkotik ticarəti ilə mübarizə əməliyyatı həyata keçirib. Nəticədə hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları 300 bağlama narkotik maddə daşıyan sualtı qayığı saxlayıblar”, - xəbərdə deyilir.

Latın Amerikasından olan dörd nəfərlik heyətə malik qayıq Azor adalarından təxminən 426 kilometr aralıda, açıq dənizdə tutulub.

Əlverişsiz hava şəraiti və qayığın konstruksiyasının möhkəm olmaması səbəbindən onu yedəyə almaq cəhdi nəticə verməyib və qayıq batıb. İstintaq davam edir.

Bundan əvvəl İspaniya duzun içərisində gizlədilmiş 10 ton kokain daşıyan gəmini saxlamışdı.

Yanvarın 21-də isə sintetik narkotik istehsalçılarına qarşı Avropolun koordinasiya etdiyi “ən böyük” əməliyyatın başa çatdığı bildirilib. Dörd ölkəni əhatə edən bu əməliyyat 24 əsas laboratoriyanın bağlanması ilə nəticələnib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Portuqaliya   sualtı   kokain  



Xəbər lenti