İtaliya: “Ukrayna hələ gözləməli olacaq”

      İtaliya:    “Ukrayna hələ gözləməli olacaq”
  02 Fevral 2026    Oxunub:1827
İtaliya Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli qəbulunu dəstəkləyir, lakin Balkan ölkələri prioritet olaraq qalır.
AzVision.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani “Corriere Della Sera” nəşrinə müsahibəsində belə deyib.

“Biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirik, lakin öhdəliklərimiz olan və bizim üçün prioritet təşkil edən Balkanlar birinci yerdədir. Martın 3-də Romada “Balkanların dostları”nın toplantısı keçiriləcək, aprelin 1-də isə mən Almaniyanın xarici işlər naziri Yohan Vadefulla Serbiyanın paytaxtı Belqrada səfər edəcəyəm”, - italiyalı nazir diqqətə çatdırıb.

Tayani eyni zamanda, vurğulayıb ki, İtaliya Aİ-yə üzvlük yolunda irəliləməli olan Ukraynaya da kömək edəcək.

Merts: “Berlin vasitəçi olmaq istəmir”
Hazırda dörd Balkan dövləti Aİ-yə daxil olmaqla bağlı danışıqlar aparır: Albaniya, Monteneqro, Serbiya və Şimali Makedoniya.

Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Taras Kaçka bəyan edib ki, 2026-2027-ci illərdə lazımi islahatlar həcmini tamamlamaq şərti ilə Ukrayna 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər.

Yanvarın 25-də Litva prezidenti Gitanas Nauseda Vilnüsdə ukraynalı və polşalı həmkarları Volodimir Zelenski və Karol Navrotski ilə birgə mətbuat konfransında ölkəsinin Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olmasını hədəflədiyini açıqlayıb.

Yanvarın 27-də isə Zelenski bəyan edib ki, Ukrayna 2027-ci ildə Aİ-yə daxil olmağı gözləyir. Onun sözlərimə görə, Ukraynanın Aİ-yə daxil olması təkcə Kiyev üçün yox, bütün Avropa üçün əsas təhlükəsizlik zəmanətidir.

Maraqlıdır ki, hazırda Kiyevə yardım məsələsində ən böyük donor rolunu oynayan Almaniyanın kansleri Fridrix Merts, öz növbəsində, Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması perspektivini şübhə altına alıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İtaliya   Ukrayna    



Xəbər lenti