Epşteynin qurbanlarının vəkillərindən tələb

Epşteynin qurbanlarının vəkillərindən tələb
  02 Fevral 2026    Oxunub:1799
Uşaqlara təcavüzdə günahlandırılan amerikalı maliyyəçi Ceffri Epşteynin qurbanlarının vəkilləri qurbanlar haqqında məlumatların açıqlanmasını əsas gətirərək, ABŞ Ədliyyə Nazirliyinin saytından iş materiallarından ibarət bölmənin çıxarılmasını tələb ediblər.
AzVision.az xəbər verir ki, vəkillər Brittani Henderson və Bred Edvardsın məktubuna istinad edən “ABC News” telekanalı bu barədə məlumat yayıb.

“Cefri Epşteynin qurbanları üçün hər saat önəmlidir. Bərpası mümkün olmayan zərər davam edir”, — telekanal Nyu-York federal hakimləri Riçard Berman və Pol Engelmeyerə ünvanlanmış məktubdan sitat gətirir.

200-dən çox qurbanın maraqlarını təmsil edən vəkillər sənədlərin yayımlanmasından sonra iki gün ərzində “həyatları alt-üst olmuş 100-ə yaxın qurbanın adından fayllarda minlərlə redaktə xətası” barədə məlumat aldıqlarını bildiriblər. O cümlədən, dərc edilən sənədlərdə cinayətlərin törədildiyi vaxt yetkinlik yaşına çatmayan şəxslərin tam adları, bank rekvizitləri və ev ünvanları açıqlanıb.

Vəkillər, “Epsteyn” dosyelərinin mərhələli şəkildə dərcinə başlanmasından bəri qurbanlar haqqında həssas məlumatların açıqlanmasının qarşısını almaq üçün ABŞ Ədliyyə Nazirliyi ilə əlaqə saxladıqlarını vurğulayaraq, “oxşar səhvlərin təkrar olunmayacağına” ümid etdiklərini bildiriblər.

- Lakin 2026-cı il yanvarın 30-da, cəmi bir gündə, Ədliyyə Nazirliyinin ABŞ tarixində qurbanların şəxsi həyatı barədə bəlkə də ən kobud şəkildə pozuntuya yol verməsindən sonra bu gözləntilər alt-üst oldu”, — məktubda deyilir.

Yanvarın 30-da ABŞ-ın Ədliyyə Nazirliyi Epşteynin dosyesindəki bütün sənədlərin açıqlandığını bildirib. 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş maliyyəçi həbsxanada intihar edib. Prokurorların iddiasına görə, 2002–2005-ci illər arasında Epşteynin Manhettendəki evinə müxtəlif səviyyəli siyasətçilərin və tanınmış şəxslərin əylənməsi üçün ən kiçiyinin 14 yaşı olan onlarla azyaşlı qız gətirilib.

Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp onun guya ABŞ-ın keçmiş prezidenti Bill Klintonla Epşteyn adasında olduğu barədə ittihamları “böyük yalan” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Epşteyn   qurbanlar   vəkillər  



Xəbər lenti