Ərdoğanın Yaxın Şərqə səfəri başlayıb

   Ərdoğanın Yaxın Şərqə səfəri başlayıb
  03 Fevral 2026    Oxunub:1277
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin ilk səfərində bu gün Yaxın Şərqə yola düşüb. Onun əvvəlcə Səudiyyə Ərəbistanına, ardınca isə sabah Misirə getməsi planlaşdırılır.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duranın öz sosial şəbəkə hesabında yaydığı məlumata əsasən, səfər üzrə nümayəndə heyətinə birinci xanım Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, maliyyə naziri Məmməd Şimşək, müdafiə naziri Yaşar Gülər və başqa hökumət nümayəndələri də daxildir. Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində vəliəhd Məhəmməd bin Salmanla, Misirin paytaxtı Qahirədə isə Prezident Əbdülfəttah Əs-Sisi ilə görüşəcək.

Tərəflərin qarşılıqlı iqtisadi-siyasi əlaqələrlə yanaşı regional məsələlər, eyni zamanda, Qəzza zolağındakı cari vəziyyət və ABŞ-İran gərginliyi üzrə müzakirələr aparacağı diqqətə çatdırılıb.

Rəcəb Tayyib Ərdoğanın Qahirədə Türkiyə-Misir Ali Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına, habelə Türkiyə-Misir Biznes Forumuna qoşulacağı da gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   prezident   Yaxın-Şərq   səfər  



Xəbər lenti