Ermənistanın AES dilemması

   Ermənistanın AES dilemması
  10 Fevral 2026    Oxunub:1427
Atom elektrik stansiyasının (AES) tikintisi mövzusu Rusiya-Ermənistan gündəmində mühüm rol oynayır və müntəzəm olaraq müxtəlif səviyyələrdə qaldırılır.
AzVision.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə verdiyi müsahibədə belə deyib.

Onun sözlərinə görə, “erməni dostlar” ın istəklərini nəzərə alan Rusiyanın “Rosatom” şirkəti layihənin həyata keçirilməsinə ən qısa zamanda başlamağa hazırdır.

“Etibarlı, sübut olunmuş texnologiyaların mövcudluğu, habelə maliyyə parametrlərinin cəlbediciliyi baxımından — tikinti, sonrakı istismar, mütəxəssislərin hazırlanması və yenidən hazırlanması ehtiyacı nəzərə alınmaqla — bunun real alternativi yoxdur”, – rusiyalı diplomat iddia edib.

Lakin fevralın 9-da ABŞ vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan hakimiyyəti ilə mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Müqavilə Amerika şirkətlərinə Ermənistana nüvə texnologiyası, yanacaq və bu sahədə xidmətlər ixrac etməyə imkan verir.

- Bundan başqa, ABŞ şirkətləri ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən Ermənistan AES-ni modul tipli kiçik reaktorlarla əvəz etmək üçün keçiriləcək tenderdə iştirak edə biləcəklər. Vens Ermənistanın iki mərhələdə 9 milyard dollar investisiya alacağına söz verib ki, bu da ölkəyə Rusiyanın nüvə enerjisindən uzaqlaşmağa imkan yaradacaq”, – öz növbəsində “Bloomberg” agentliyi vurğulayır.

Maraqlıdır ki, Vensin İrəvana səfərindən əvvəl Ermənistan nümayəndələri “Rosatom” şirkətinin rəhbərliyi ilə görüşüblər. Rusiyanın dövlət korporasiyası Ermənistana “hərtərəfli əməkdaşlıq” vəd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   ABŞ   AES  



Xəbər lenti