ABŞ NATO komandanlığı məntəqələrini təhvil verir

 ABŞ NATO komandanlığı məntəqələrini təhvil verir
  10 Fevral 2026    Oxunub:1028
Birləşmiş Ştatlar NATO-nun Neapol və Norfolkda yerləşən iki əsas komandanlıq məntəqəsini avropalı zabitlərə təhvil verəcək.
AzVision.az bildirir ki, hərbi mənbəyə istinad edən “Reuters” agentliyinin məlumatına görə, bu addım Avropa ölkələrinin təhlükəsizlik üçün daha çox məsuliyyət daşımasını istəyən ABŞ prezidenti Donald Trampın tələblərinə cavab verir.

Ağ Ev administrasiyası uzun müddət ABŞ-ın dominantlıq etdiyi hərbi ittifaqı Avropanın rəhbərliyi altında olan NATO-ya çevirməyə çağırıb.

“Komandanlığın dəyişdirilməsi çərçivəsində avropalı zabitlər NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığına və Norfolk Birgə Qüvvələr Komandanlığına rəhbərlik edəcəklər. Hazırda bu məntəqələrin hər ikisi Amerika admirallarının rəhbərliyi altındadır,” - hərbi mənbə agentliyə açıqlamasında deyib.

Bununla belə, vəziyyətlə tanış olan daha bir şəxsin və hərbi mənbənin sözlərinə görə, blokun iyerarxiyasında ABŞ bir qədər aşağı statuslu, lakin əməliyyatlar üçün əhəmiyyətli məsuliyyət daşıyan üç komandanlığa – Hərbi Hava Qüvvələri Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı və Quru Qoşunları Komandanlığı – rəhbərliyi öz üzərinə götürəcək.

- Müttəfiqlər NATO-nun komandanlıq strukturunda yüksək rütbəli zabit vəzifələrinin yeni bölüşdürülməsi ilə bağlı razılığa gəliblər ki, bu zaman blokun ən yeni üzvləri də daxil olmaqla, avropalı müttəfiqlər alyansın hərbi rəhbərliyində daha mühüm rol oynayacaqlar,” - Şimali Atlantika Alyansının məmurlarından biri yerdəyişmələri şərh edib.

Məmur qərarın “gələcək rotasiyaların planlaşdırılması” ilə bağlı olduğunu və daha ətraflı məlumatın daha sonra veriləcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   ABŞ   məntəqələr  



Xəbər lenti