Deputat Finlandiya prezidentini təxribatda günahlandırdı

   Deputat Finlandiya prezidentini təxribatda günahlandırdı
  11 Fevral 2026    Oxunub:1347
Finlandiya prezidenti Aleksandr Stubb “Foreign Affairs” jurnalına müsahibəsində Ukraynada müharibənin başa çatmasından sonra Cənubi Qafqazın Rusiyanın yaratdığı təhlükədən narahat olduğunu bəyan edərək, Azərbaycanın da bu ölkələr sırasında olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu bəyanatı haqqın.az saytına şərh edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Qərb dairələrinin Azərbaycanla Rusiya arasında münasibətlərin hətta açıq qarşıdurmaya keçməsi həddinə çatmasında son dərəcə maraqlı olduğuna diqqət çəkib.

“Təbii ki, hazırda Rusiya ilə münasibətlərimizdə, xüsusən AZAL-ın “Embraer 190” sərnişin təyyarəsi ilə bağlı insidentə görə müəyyən fikir ayrılıqları və narahatlıq doğuran səbəblər var. Lakin mən düşünürəm ki, bu məsələlər Rusiya-Azərbaycan münasibətlərinin əsaslı şəkildə pisləşməsinə səbəb olmayacaq”, - Qüdrət Həsənquliyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, hər iki dövlətin həyati maraqları onların yaxın qonşular kimi əməkdaşlığı davam etdirməsi tələbini qoyur. Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycanla sərhədində müsəlman respublikalarının yerləşdiyini, Rusiyanın özündə 20 milyona qədər müsəlman və 2 milyona qədər azərbaycanlı yaşadığını xatırladıb.

- Bütövlükdə Rusiyanın Asiya və Şərqə çıxışı əsasən Azərbaycandan keçir. Bu baxımdan inanıram ki, ölkələr əlaqələri daha da yaxşılaşdırmaq və əməkdaşlığı genişləndirmək üçün səy göstərəcəklər. Bizim Rusiya ilə müttəfiqlik münasibətləri haqqında müqaviləmiz var və mən Rusiyadan Azərbaycan üçün ciddi təhlükə gözləmirəm”, - azərbaycanlı parlamentari bildirib.

Qüdrət Həsənquliyevin fikrincə, Finlandiya prezidentinin bəyanatları kimi açıqlamalar “daha çox Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq məqsədi güdür”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Həsənquliyev   Stubb   ittiham  



Xəbər lenti