Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  18 Fevral 2026    Oxunub:1353
Qırğızıstanın Konstitusiya Məhkəməsi respublikada növbəti prezident seçkilərinin 2027-ci il yanvarın 24-də keçirilməsi barədə qərar qəbul edib.
AzVision.az Qırğızıstanın Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, qərar 17 fevralda hazırkı prezident Sadır Japarovun müraciəti əsasında verilib.

Məsələnin gündəmə gəlməsinə prezidentlik müddətinə yenidən baxılması səbəb olub. Belə ki, Sadır Japarov 2010-cu il Konstitusiyasına əsasən seçilib və 28 yanvar 2021-ci ildə altı illik müddətə vəzifəsinin icrasına başlayıb. 2021-ci ildə qəbul edilən yeni Konstitusiya isə iki dəfədən artıq seçilməmək şərti ilə, prezidentlik müddətini beş il olmasını nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, 2021-ci il Konstitusiyasının 67-ci maddəsində nəzərdə tutulmuş beş illik müddət Əsas Qanunun əvvəlki versiyası ilə başlayan müddətə şamil edilmir. Buna görə də, hazırkı prezident altı illik müddətini tam şəkildə başa vuracaq və iki müddətlik qaydaya əsasən, bu, onun ilk səlahiyyət müddəti hesab olunacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qırğızıstan   prezident   seçkilər  



Xəbər lenti