BMT: “Əfqanıstanda aclıq böhranı dərinləşəcək”

   BMT:    “Əfqanıstanda aclıq böhranı dərinləşəcək”
  20 Fevral 2026    Oxunub:1676
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Əfqanıstan üzrə 2026-cı ilin üzrə Humanitar Tələbatlar və Cavab Tədbirləri Planını işə salıb.
AzVision.az “TOLOnews” telekanalına istinadən xəbər verir ki, OCHA planın məqsədinin əhalinin təxirəsalınmaz ehtiyaclarını operativ şəkildə təmin etmək və ölkədə humanitar böhranın daha da dərinləşməsinin qarşısını almaq olduğunu açıqlayıb.

Qurumun məlumatına əsasən, Əfqanıstan Sudan və Yəməndən sonra dünyada ən böyük humanitar böhranlardan birini yaşamaqda davam edir və proqnozlara görə, 2026-cı ildə ölkə əhalisinin təxminən yarısını təşkil edən 21,9 milyon nəfər humanitar yardıma ehtiyac duyacaq.

“Humanitar ehtiyacların əsas səbəbi ərzaq təhlükəsizliyinin qeyri-sabitliyidir. Təxminən 17,4 milyon nəfərin böhran və ya daha ağır səviyyədə ərzaq çatışmazlığı ilə üzləşəcəyi, 4,7 milyon nəfərin isə fövqəladə şəraitdə aclıq yaşayacağı gözlənilir”, - OCHA-nın hesabatında deyilir.

Quraqlığı, iqlim dəyişikliklərini, dolanışıq vasitələrinin itirilməsini və əfqan miqrantların kütləvi geri qayıdışını böhranı dərinləşdirən əsas amillər kimi qiymətləndirən OCHA, fövqəladə səviyyədə aclıq hallarının ötən illə müqayisədə 50 faizdən çox artdığını vurğulayıb.

Büdcəsi 1,71 milyard dollar həcmində nəzərdə tutulan plan 17,5 milyon nəfərə yardım göstərilməsinə yönəlib. Plan çərçivəsində quraqlıq, qaçqınların kütləvi geri qayıdışı, xəstəliklərin yayılması, zəlzələlərin nəticələri və digər təbii fəlakətlərdən ən çox zərər çəkmiş bölgələrə xüsusi diqqət yetiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   Əfqanıstan   aclıq  



Xəbər lenti