Rusiyadan İrana gedən gəmi Danimarkada saxlanılıb

   Rusiyadan İrana gedən gəmi Danimarkada saxlanılıb
  20 Fevral 2026    Oxunub:1720
Danimarka fevralın 18-də Komor adaları bayrağını İran bayrağına dəyişdirən “Nora” konteyner daşıyan gəmisini Katteqat boğazında saxlayıb.
AzVision.az xəbər verir ki, Danimarkanın Dənizçilik İdarəsi belə məlumat yayıb.

Əvvvəllər “Cerus” adlandırılan gəminin adı bir neçə ay əvvəl dəyişdirilib. Konteyner daşıyan bu gəmi ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyaların siyahısına salınıb. “Marine Traffic” saytının məlumatına görə, gəmi Sankt-Peterburqdan yola düşüb.

Bu il yanvarın 13-də gəmi Danimarkanın Skaqen şəhəri yaxınlığından keçdikdən sonra geolokasiya məlumatlarını ötürməyi dayandırıb. Konteyner gəmisi Baltik dənizindən keçərkən, onun mövqeyi yanvarın 16-da bərpa edilib. Yanvarın 22-də Skaqen şəhərinin şimal hissəsinə çatdıqdan sonra gəmi Katteqat boğazına doğru yola düşüb və orada 25 gün ərzində lövbər salıb.

“Gəminin qeydiyyatı korrekt deyildi. Komor Adaları Danimarka Dənizçilik İdarəsinə gəminin onların reyestrində qeydiyyata alınmadığı barədə məlumat verib”, - Danimarka tərəfinin bəyanatında deyilir.

Konteyner gəmisi Danimarka hakimiyyət orqanlarına etibarlı qeydiyyat şəhadətnamələri təqdim olunana qədər saxlanılacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Danimarka   Rusiya   İran   gəmi  



Xəbər lenti