Xamenei öldürülərsə... - İranda hazırlıq başlayıb

      Xamenei öldürülərsə...    - İranda hazırlıq başlayıb
  22 Fevral 2026    Oxunub:1927
İranın ali rəhbəri Əli Xamenei ABŞ ilə mümkün hərbi münaqişə zamanı öldürüləcəyi və ya ölkədə idarəetmə sistemində pozuntu yaranacağı halda fəaliyyət planının hazırlanmasını tapşırıb.
Bu barədə The New York Times yüksək vəzifəli İran rəsmiləriə və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Xamenei səlahiyyətlərinin bir hissəsini etibarlı şəxslərdən ibarət məhdud dairəyə həvalə edib və hərbi və mülki idarəetmədə çoxsəviyyəli varislik sistemi yaradılmasını tapşırıb. Rəhbər şəxslərə ali liderlə əlaqənin kəsilməsi və ya onun ölümü halında hər vəzifə üzrə dörd müavin müəyyən etmək göstərişi verilib.

Əsas qərarların koordinasiyası İran parlamentinin sabiq spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş Əli Laricaniyə həvalə olunub. NYT-nin məlumatına görə, son aylarda onun təsiri artıb: o, daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə əlaqələrə nəzarət edir və nüvə proqramı üzrə Vaşinqtonla aparılan danışıqlarda iştirak edir.

İsraillə son müharibə zamanı ali rəhbər həmçinin özünə üç mümkün varis müəyyən edib, lakin onların adları açıqlanmayıb. Əli Laricani isə dini xadim olmadığı üçün bu siyahıya daxil edilməyib.

M. Həsənli
AzVision.az


Teqlər: İran  



Xəbər lenti