ABŞ İranın Naxçıvana hücumunu pisləyib
"ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
ABŞ-nin Azərbaycandakı Səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır", - deyə, səfirliyin paylaşımında qeyd olunur.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, İran İslam Respublikasının silahlı qüvvələri Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə mülki infrastruktur obyektlərini vurub.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb. Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.
Azərbaycan İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.
M. Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


