Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
  25 Mart 2026    Oxunub:2125
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin, mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.
AzVision.az xəbər verir ki, bununla bağlı bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciətində vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

AzVision.az


Teqlər: FHN   hava   xəbərdarlıq  



Xəbər lenti