Süni İntellekt üçün ayrıca qanun lazımdır - Ekspert
T.Kusebanın sözlərinə görə, ilk növbədə ölkədə süni intellekt üzrə ayrıca qanunun qəbuluna ehtiyac var. “Son iki ildə dəfələrlə bildirmişik ki, Azərbaycanda süni intellekt haqqında qanun qəbul olunmalıdır. Bu, hüquqi baxımdan vacib məsələlərdən biridir. Artıq dövlət qurumlarında da belə bir qanunun zəruriliyi ilə bağlı fikirlər səsləndirilir. Süni intellekt sənayesi bütün dünyada son 5-6 ildə daha aktivləşibsə, Azərbaycana bu “dalğa” yeni gəlib. Biz bu proseslərə hazırlıqlı olmalıyıq”, – deyə ekspert "Azərtac"a açıqlamasında bildirib.
Teymur Kuseba əlavə edib ki, süni intellekt texnologiyalarının növbəti inkişaf mərhələsi fiziki süni intellekt və robot sistemləri ilə bağlı olacaq.
“Bu gün kompüterlərdə istifadə etdiyimiz süni intellekt sabah robotlarda, pilotsuz nəqliyyat vasitələrində, çatdırılma sistemlərində və digər fiziki platformalarda tətbiq olunacaq. Buna görə də hesab edirəm ki, robot texnologiyaları və fiziki süni intellektlə bağlı ayrıca qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Bu çox vacibdir. Bu texnologiyalar yaxın illərdə həyatımızın bir hissəsinə çevriləcək və biz onların hüquqi tənzimlənməsinə indidən hazır olmalıyıq. Robotlar üçün xüsusi infrastruktur indidən qurulmalıdır. Bu prosesə biz bu gündən hazırlaşmalıyıq”, - deyə T.Kuseba qeyd edib.
Ekspert bildirib ki, xüsusilə Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində gələcək texnologiyalar üçün zəruri infrastrukturun əvvəlcədən nəzərə alınması vacibdir.
“Bu gün biz ağıllı kəndlərdən danışırıq. Amma gələcəkdə çatdırılma robotlarının fəaliyyəti, dron platformaları, enerji doldurma məntəqələri kimi məsələlər də aktuallaşacaq. İnfrastruktur qurularkən bu ehtiyaclar əvvəlcədən nəzərə alınmalıdır. Hazırda dövlətimiz bu istiqamətdə bir çox işlər görür, bir sıra qanun layihələri qəbul olunur, yeni qurumlar yaradılır. Lakin robotlar və süni intellekt məhsullarının istehsalı və istifadəsi kimi məsələlərin qanunvericiliklə tənzimlənməsi də vacibdir”, - deyə o vurğulayıb.
Teqlər: Süni-İntellekt







Vaxtında, Aydın, Lazımlı!


