Azovda həlak olan vətəndaşlarımızın kimlikləri müəyyən edilir

   Azovda həlak olan vətəndaşlarımızın kimlikləri müəyyən edilir
  07 İyun 2026    Oxunub:345
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunub ki, Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Teqlər: Faciə   XİN   Azov   Rusiya  



Xəbər lenti