"Zəngəzur dəhlizi 2030-cu ilə qədər açılacaq" - Türkiyəli nazir

 "Zəngəzur dəhlizi 2030-cu ilə qədər açılacaq" -    Türkiyəli nazir
  20 İyun 2026    Oxunub:265
"Qarsdan Naxçıvan Muxtar Respublikası (Azərbaycan) ilə sərhəddəki Dilucu keçid məntəqəsinə qədər 224 kilometrlik dəmir yolunun tikintisinin yaxın dörd il ərzində başa çatdırılması planlaşdırılır. Azərbaycanda da lazımi addımlar atılır. Ermənistan hissəsində işlər proqnozlaşdırılan tempdə davam edərsə, Zəngəzur dəhlizinin 2030-cu ilə qədər açılması gözlənilir".
Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yerli televiziya kanallarının birinin efirində deyib. Nazir bildirib ki, Orta Dəhliz və onun əsas komponenti olan Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir, çünki onlar ölkəni əsas beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirəcək.

"Zəngəzur dəhlizi Türkiyəni birbaşa Türk dünyası ilə birləşdirəcək, Avrasiyada ticarətə güclü təkan verəcək və Avropa ilə Asiya arasında yükdaşıma müddətini 18 günə, potensial olaraq isə 14 günə endirəcək”, - deyən Uraloğlu əlavə edib ki, marşrutun istifadəyə verilməsi təkcə Türkiyə və Azərbaycana deyil, həm də Ermənistana fayda gətirəcək.

Türkiyəli nazir, həmçinin İranın Zəngəzur dəhlizinə olan marağını qeyd edərək bildirib ki, regiondakı gərginlik Tehrana qonşu ölkələrlə sıx əməkdaşlığın vacibliyini göstərdi.


Teqlər: Zəngəzur  



Xəbər lenti