Azay Quliyev ATƏT PA-nın Haaqa sessiyasında çağırış edib │ VİDEO
Deputat vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv şəkildə tətbiq olunur. Bu isə beynəlxalq hüquqa və çoxtərəfli institutlara etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə güc amilinin üstünlük qazanmasına şərait yaradır.
Azay Quliyev çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edərək bildirib ki, qurum öz effektivliyini və legitimliyini qorumaq üçün XXI əsrin reallıqlarına uyğun şəkildə islahat edilməli, daha çox təmsilçi, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik olmalıdır.
O diqqətə çatdırıb ki, dünya yeni beynəlxalq nizam haqqında çox danışsa da, mövcud beynəlxalq sistemi islah etmək və daha ədalətli, effektiv və inklüziv qlobal idarəetmə modelini formalaşdırmaq istiqamətində hələ də kifayət qədər siyasi iradə nümayiş etdirilmir.
Azay Quliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır: beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı gücləndirmək, qlobal idarəetmə institutlarında islahat aparmaq və daha ədalətli beynəlxalq təhlükəsizlik sistemi qurmaq, yaxud etimadsızlığın dialoqu, qarşıdurmanın isə əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.
Çıxışının sonunda Azay Quliyev bildirib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər naminə daha təhlükəsiz dünya qurmaq üçün nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.
Teqlər: ATƏT







Vaxtında, Aydın, Lazımlı!


