Qanmazı KAANdırmaq olmur – Ədalət Verdiyevin yazısı

   Qanmazı KAANdırmaq olmur –    Ədalət Verdiyevin yazısı
  10 İyul 2026    Oxunub:681
Qardaş Türkiyəmiz vaxtilə patronu belə başqa ölkələrdən, əsasən də Qərbdən alırdı. Həm də silah və sursatı türklərə "qısır halda” satırdılar. Yəni dəyəri Türkiyə tərəfindən ödənilən silah və sursatın kimə qarşı istifadə edilib-edilməyəcəyini satan olkə müəyyənləşdirirdi. Bəzi ölkələr Türkiyəyə satdıqları silahın yunanlara, hətta terrorçulara qarşı istifadə olunmayacağı haqda şərt qoyurdular.

İndi isə Türkiyə daxili imkanları ilə müharibələrin taleyini qısa müddətdə həll edən silahlar, o cümlədən MALE, HALE tipli pilotsuz aparatlar, müxtəlif dəniz dronları, gəzən sursatlar, tanklar və digər zirehli vasitələr, reaktiv və qoşquda daşınan artilleriya sistemləri, hipersəs sürətli raketlər, HHM kompleksləri, müxtəlif təyinatlı döyüş gəmiləri, helikopterlər, pilotsuz qırıcılar, bütün sadalanan silahlar üçün sursatlar və başqa avadanlıqlar istehsal və ixrac edir.

Bütün ölkələrdə olduğu kimi, bu silah, texnika, vasitə və avadanlıqları istehsal etməyə başlayanda bəzi detallar Türkiyəyə kənardan idxal olunurdu. Bəzi ölkələr mürəkkəb detalları onillərlə kənardan alır və bu həmin olkələrin vətəndaşlarını narahat etmir. Biz türklərdə isə bu mövzuda vəziyyət tam tərsinədir.

Türkiyə də adı çəkilən silahların bir çoxunun ilkin istehsal mərhələsində mövcud olan mühərrik və optik elektron problemini idxal hesabına həll edirdi. Bu gün isə Türkiyə əksər vasitələrin mühərrikini və digər detallarını özü istehsal edir. Tək problemli məsələ 5-ci nəsil KAAN qırıcısının mühərriki ilə bağlıdır ki, bu da yaxın perspektivdə idxal hesabına həll ediləcək. Bir çox aviasiya mühərriklərin istehsalı müəyyən zaman çərçivəsində istehsal pillələrinin və çoxsaylı sınaqların keçirilməsini tələb edir.

Maraqlıdır ki, daha əvvəl PUA və helikopter mühərriki barədə neqativ fikir səsləndirənlər həmin detalların yerli istehsal prosesi barədə kəlmə işlətmir. Onların hazırda gündəmində olan əsas məsələ budur: "KAAN hazırladılar, amma mühərriki yoxdur".
Amma bu şəxslərdən kimsə digər istehsalçılar ilə müqayisədə türk mühəndislərin KAAN qırıcısının iki dəfə qısa bir müddətdə prototiplərin, stels texnologiyanın, optik sistemlərin, atəşi idarəetmə sisteminin, bort avadanlıqlarının, ağıllı dəbilqənin və s. hazırlanmasını görmək istəmədilər.

Türkiyə bu gün idxal etməyə hazırlaşdığı ən son model mühərrikdən 20 faiz daha güclü mühərriki artıq hazırlamağa başlayıb. KAAN iki ildir ki, uçuş sınaq mərhələsindədir. Türkiyə dunyada 5-ci nəsil qırıcı istehsal edən 4-cu ölkədir. Yaxın illərdə isə biz KAAN qırıcısını ABŞ mühərrikindən daha güclü, həm də iki ədəd yerli mühərriklə Türkiyə və Azərbaycan səmasında görəcəyik.

Vaxtilə Türkiyəyə patronu məhdudiyyətlər ilə satan ölkələr bu gün türk silahlarını və texnikalarını almaq üçün hətta seriya istehsalı başlamazdan əvvəl növbəyə durublar. Azərbaycana TB2 satdığına görə sanksiya tətbiq edərək Türkiyəyə optik elektron avadanlıq ixracını dayandıran Kanada bu gün Ankara ilə müdafiə sahəsində əməkdaşlıq etmək üçün dəridən-qabıqdan çıxır. Dünyanın 40-dan çox ölkəsi, o cümlədən, NATO üzvləri Türkiyədən silah alırlar.

Hər birimiz dərk etməliyik ki, Türkiyənin uğuru, həm də bizim və ümumilikdə bütün Türk dünyasının, dost və müttəfiqlərimizin uğurudur. Türkiyəmiz bu gün həm ətrafındakı dənizlərdə, həm Yaxın Sərqdə, həm Qafqazda, həm NATO-da, həm də Avrasiyada böyük siyasi və hərbi nüfuza malik yenilməz bir gücdür.

Azərbaycan və ümumilkdə TDT ilə birlikdə Türkiyə böyük bir güc mərkəzidir. Bu mərkəz ilə bütün qlobal güclər artıq hesablaşır. Biz də vətəndaş olaraq ortaq üğurlarımıza sevinməyi, türk olmağı, qalıb olmagı, üstün olmağı, güc olmağı bacarmalıyıq.

Ədalət Verdiyev
Hərbi ekspert


Teqlər: KAAN   Türkiyə  



Xəbər lenti