Azərbaycanda 10 saytın fəaliyyəti yoxlanılacaq

Azərbaycanda 10 saytın fəaliyyəti yoxlanılacaq
  09 Dekabr 2014    Oxunub:3125
“Yüksək reytinali və məşhur saytların dili yoxlanılacaq”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu gələn ilin yanvar ayından başlayaraq ölkədə fəaliyyət göstərən elektron KİV-lərdə ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayacaq.

Bu barədə AzVision.az-a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, monitorinq ilk öncə İP-ləri yüksək olan və digərlərinə nisbətən daha məşhur 10 xəbər saytında aparılacaq, sonradan saytların sayı artırılacaq:

“Təxminən siyahıya 10 sayt daxil ediləcək. Hansı saytların İP-ləri daha çoxdursa, məşhurdursa həmin saytlar hələki bizim siyahıya daxildir. Birinci mərhələdə saytların sayını az götürsərsək də, sonradan bunların sayı artırılacaq”,-deyə Q.Məhərrəmli əlavə edib.

Eyni zamanda Qulu Məhərrəmli saytların monitorinqinin hansı kriteriyalar əsasında aparılacağını da açıqlayıb.

“Materiallar necə yazılır? Anlaşıqlıdırmı? Azərbaycan dilinin qaydalarına necə əməl olunur? Terminologiyadan necə istifadə edilir və nə dərəcədə bunlar sadə və anlaşıqlı yazılır? Dil qaydaları pozulurmu? Üslub yerindədirmi və s.

Bu suallara monitorinq prosesində cavab axtarılacaq. Amma belə götürdükdə dili səlist olan saytlar da var, sözləri yerində işlətməyən, üslub pozuntusuna yol verən, dolaşıq cümlələr yazan saytlar da var. Bu dəqiqə ad çəkmək istəmirəm. Çünki biz dil qaydalarına riayət edən və etməyən saytların adını açıqlayacağıq. Əvvəlcədən saytların adlarını açıqlayanda, işləmək çətin olur”.

Q.Məhərrəmli qeyd edib ki, monitorinqin nəticələri sonda həm ictimaiyyətə açıqlanacaq, həm də saytların özlərinə göndəriləcək:

“Bununla bağlı biz artıq proseslərə başlamışıq və yanvarın sonunda bu işin sona çatacaq. Bu materialları isə həm ictimaiyyətə təqdim edəcəyik, həm də saytların özünə göndərəcəyik ki, bunu nəzərə alsınlar”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti