`Xədicə İsmayıl agentdir` - Elşən Musayev

`Xədicə İsmayıl agentdir` - Elşən Musayev
  10 Dekabr 2014    Oxunub:2833
`Xədicə İsmayılın həbsi üçün zəmini hakimiyyət deyil, onun özü və Azərbaycan qanunları yaradıb`. Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev jurnalist Xədicə İsmayılın həbsi ətrafında gedən müzakirələrə münasibət bildirərkən söyləyib.

O, qeyd edib ki, əgər hansısa Beynəlxalq Təşkilat ya da onun nümayəndəsi düşünürsə ki, ixtiyari bir bəyanatla hüquqi nihilizmi Azərbaycanda bərqərar etmək mümkündür, o zaman bilsinlər ki, kökündən yanılırlar: “Bu dövlət və onun məhkəmə hakimiyyəti müstəqildir. Kiminsə məsləhətinə, eyni zamanda başından yekə fəlsəfə, siyasət xırdalamalarına da ehtiyacı yoxdur”

E.Musayev hesab edir ki, Xədicə İsmayıl agentdir:

- Bu, birmənalı faktdır. Və eyni adlı faktı özü də dəfələrlə etiraf edib. Dolayı da olsa. Fəqət həbs motivi başqadır. Nə sadə insan nə də beynəlxalq qurumlar bu ayrıcalığı gözdən yayındıra bilməz. Yayındırsa, Əli Kərimli və onu qulbeçələri ağılda olar. Məsələ burasındadır ki, Xədicə İsmayıl indiyə qədər etdiyi bütün iyrənclikləri siyasətlə, ictimai fəaliyyəti ilə sığortalamağa, kompensasiya eləməyə çalışır. Bu, təxminən saman çöpündən yapışmaq kimi bir şeydir. Amma qınamıram onu. Çünki, normal insan instinktidir. Günahkar da olsan, qəbahətini göz görəsi formada bilsən də onu bir şəkildə üzərindən atmağa çalışırsan. Özün üçün günahsızlıq səbəbi axtarırsan. Amma fərdi məsuliyyət prinsipi deyilən bir şey var. Kimsə o məsuliyyətdən azad deyil. Ola da bilməz! Cinayət varsa, cəza da var...

O ki qala Avropa Şurasının Baş Katibinin, Avropa Komissarının, ATƏT nümayəndəsinin verdiyi bəyanatlara... Unutmaq lazım deyil ki, eyni formatlı bəyanatların bir qismi Ukraynadakı qırğınların təməlini qoyub, digəri qismi isə Liviyada axıdılan qanların! O bəyanatların gözə görünməz, pərdə arxasında duran mahiyyəti kiminsə, nəyinsə dürüst müdafiəsinə yönəlməyib! Əsla və əsla!

Yönəlsə, bir dəfə də olsun Azərbaycan qaçqınının taleyinə həsr olunardı, Qərbin hikkəsindən doğan müharibələri, insan qətliamlarını ifşa edərdi, bəşəriyyətin, millətlərin, günahsız vətəndaşların genosidini bu qədər soyuqqanlıqla görməzdən keçməzdi...Amma baxın, onların nəzəri daha qlobal mövzuların deyil, məhz xədicəkimilərin üzərindədir. Niyə? Çünki, Xədicə həm də missionerdir, öz adamlarıdır, öz agentləridir. Bu dövlət, bu hakimiyyət, bu vətəndaş isə çörəyi qulağına yemir. Və nə qəribədir ki, həmin beynəlxalq təşkilatların ilk unutduğu məqam da məhz budur.

gun.az


Teqlər:  



Xəbər lenti