“Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
  11 Dekabr 2014    Oxunub:1731
Dekabrın 11-də Parlamentin Sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Məclisinin Sədri xanım Maya Qoykoviçlə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan Oqtay Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərimizin inkişafı üçün geniş potensial mövcuddur. Ölkələrimiz arasında imzalanan bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir, siyasi və iqtisadi inkişafa dəstək verir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan dinamik inkişaf edən ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Hazırda Cənubi Qafqazın iqtisadi inkişafının əsas hissəsi Azərbaycanın payına düşür.

Qeyd edilib ki, ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər vardır. Hər iki ölkə müharibənin, ərazi bütövlüyünün pozulmasının nə olduğunu bilir. Buna görə də ölkələrimiz bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər. Hazırda hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərirlər.

Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi. Bildirildi ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının işi daha da gücləndirilməlidir.

Görüş üçün təşəkkürünü bildirən Serbiya Milli Məclisinin Sədri xanım Maya Qoykoviç diqqətə çatdırdı ki, 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Serbiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk Qrupunun işinin canlandırılması üçün əlindən gələni edəcəkdir. Parlamentin sədri Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını qeyd etdi. Qonaq bildirdi ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir. Söhbət zamanı siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Diqqətə çatdırıldı ki, hər iki ölkədə sərmayələrin yatırılması üçün əlverişli investisiya mühiti vardır.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak edirdilər.

AzVision.az


Teqlər:  



Xəbər lenti