Vaqonlar yenilənir, qiymətlər isə qalxmayacaq...

Vaqonlar yenilənir, qiymətlər isə qalxmayacaq...
  12 Dekabr 2014    Oxunub:2516
“Azərbaycanda mövcud dəmir yolu vaqonları parkının yenilənməsi məqsədi ilə istifadədə olan vaqonların təmiri aparılır”.
Bunu AzVision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları" QSC-ə məxsus 80 vaqon Ukraynanın “Dnepropetrovsk vaqon təmiri zavodu”nda təmir edilərək ölkəmizə gətirilib.

“Təmir olunan qatarlar həm yerli, həm də beynəlxalq daşınmalarda istifadə olunacaq. Yaxın vaxtlarda Ukrayna zavoduna təmir üçün daha 20 vaqon göndəriləcək”

Qurum rəsmisi bildirib ki, “Azərbaycan Dəmir Yolları"nda yeni yarımstansiyalar qurulub.

“Hazırda sabit cərəyanla işləyirik, amma gələcəkdə dəyişən cərəyana keçəcəyik. Bu yeniliklə əlaqədar rabitə və siqnal sistemi də yenilənir. Yenilikdən sonra bir pult sistemi ilə işləyəcəyik”.

Qarşıdan gələn Yeni il bayramı ilə bağlı N. Əzməmmədov bildirib ki, qiymətlərdə heç bir dəyişiklik olmayacaq.

“Bayram günlərində - dekabr ayının 29 və 30-da sıxlıq gözlənilir. Artıq sərnişindaşıma departamenti bununla bağlı işlər görür. Ehtiyatda olan vaqonlar texniki baxışdan keçirilir və istilik sistemi yoxlanılır”.

Həmçinin mətbuat katibinin rəisi qeyd edib ki, Yeni il bayramı ilə əlaqədar turizm şirkətləri “Azərbaycan Dəmir Yolları” QSC-nə müraciət edib.

“Turizm şirkətləri bizə çox müraciət edir. Bununla əlaqədar dekabrın 29 və 30-da sərnişin sıxlığını nəzərə alaraq Bakı-Tiflis istiqamətində əlavə turist qatarı buraxılacaq. Qiymətlərdə heç bir dəyişiklik olmayacaq”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti