YAP-dan müxalifətlə dialoqa müsbət qiymət

YAP-dan müxalifətlə dialoqa müsbət qiymət
  15 Dekabr 2014    Oxunub:1719
“Müxalifət liderlərinin Əli Həsənovla görüşünü yüksək qiymətləndirirəm. Azərbaycan iqtidarı həmişə dialoqa hazır olduğunu bildirib, bu da onun bariz nümunəsidir”.
Bu barədə AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Dekabrın 13-də müxalifət liderləri ilə Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun görüşünü şərh edən S.Novruzov vurğulayıb ki, bundan öncə də parlamentdə təmsil olunan siyasi partiyalarla belə görüş keçirilmişdi:

“Yeni Azərbaycan Partiyasında partiyalarla dialoq komissiyası var və bu komissiyaya da elə Əli Həsənov rəhbərlik edir. Ona görə də qeydiyyatdan keçmiş və Azərbaycan siyasətində az-çox fəaliyyəti olan partiyaların əksəriyyəti ilə belə görüş keçirdi, iqtidar-müxalifət dialoqunun aparılmasıi lə bağlı fikir mübadilələri etdilər”.

YAP rəsmisi görüşdə iştirak etməyən partiyalardan da danışıb. O hesab edir ki, həmin partiyaların dialoqda iştirak etməməsi onların daxili problemləri ilə bağlıdır:

“Həmin partiyaların özlərinin daxilində dialoq yoxdur, əksinə parçalanma hökm sürür. Qeyri-demokratik keçirilən qurultay nəticəsində Müsavat partiyasının üzvləri arasında fikir ayrlığı mövcuddur. Ona görə də hansı tərəfin bu dialoqda partiyanı təmsil etməsi hələ məlum deyil. Digərləri isə xarici dövlətlərin və səfirlərin idarəçiliyi, göstərişi ilə oturub-durduğu üçün onlar hansı planı cızırlarsa, elə də hərəkət edirlər. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr təbii ki, iqtidar-müxalifət dialoqunun əleyhinədir”.

İqtidar-müxalifət dialoqunun vacib olduğunu deyən S.Novruzov bunun cəmiyyəti inkişafında da rolunun olduğunu vurğulayıb:

“Hər bir siyasi partiyanın dövlətin inkişafı, cəmiyyətin firavan yaşaması üçün ölkənin gücünün artması üçün təklifləri var. Bu təkliflər toplanır, nəzərədn keçirilir və məqbul hesab olunanlar da tətbiq olunur. Dialoq bunun üçün lazımdır. Hər bir partiyanın məqsədi hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlmək üçün hansı planları var, xalqın hansı istəklərini reallaşdırmaq istəyirsə, onu təklif şəklində irəli sürür”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti