`Hakimiyyətə yaltaqlansaydım, indi vəzifəm olardı` - Hafiz Hacıyev

`Hakimiyyətə yaltaqlansaydım, indi vəzifəm olardı` - Hafiz Hacıyev
  17 Dekabr 2014    Oxunub:3333
AzVision.az-ın müsahibi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir:

- Əvvəllər müxalifəti çox tənqid edirdiniz, amma son zamanlar sizin dünya siyasəti, regionda olan hadisələrə münasibətləriniz mətbuatda geniş yer almaqdadır. Bu, nə ilə əlaqədardır?


-Mən siyasətçiyəm və ömrümün 30-35 ilini bu yola sərf etmişəm. Mən bütün günü oturub Azərbaycanı xaricə keçi qiymətinə satan bəzi müxalifət nümayəndələrindən danışmalı deyiləm axı... Bu gün həmin adamların əsl siması artıq hamıya məlumdur. Məni bir çox adamlar müxalifətin bir çox xəyanətkar nümayəndələrini ittiham etməkdə günahlandırır. Halbuki onlar xaricə gedib Azərbaycan haqqında olmazın fikirlər söyləyirlər, Azərbaycanın adına qara yaxırlar, Azərbaycana qarşı xarici müxtəlif sanksilar tətbiq etməyə dəvət edirlər. Mən bunları deməməliyəm bəs? Hafiz Hacıyev Azərbaycanı dağıdanları izləyib səssiz qalmalıdır?

Mənə bu cür mövqeyimə görə, basqılar olur. Çünki onlar Azərbaycanı poliqona çevirmək niyyətindədirlər. Mən nə qədər sağam və siyasətdəyəmsə, buna yol verməyəcəyəm. Ona görə də, daim xalqımın yanında olmaqla və dövlətimə dəstək olmaqla həm xarici qüvvələrə, həm də daxildəki bu cür xəyanətkarlara qarşı mübarizə aparacağam. Hafiz Hacıyevin dünyada baş verən bütün proseslərə və Azərbaycanın üstünə gələn xarici qüvvələrin bütün neqativ hallarını qabardaraq demək bir siyasətçi kimi mənim borcumdur, deyə düşünürəm.

-Bu günlərdə Ayaz Mütəllibov hakimiyyətdən vəzifə təklifi gözlədiyini bildirib. Sizcə Ayaz Mütəllibovun fəaliyyətini nəzərə alaraq, indiki hakimiyyət ona vəzifə verərmi?

-Hesab edirəm ki, bu gün Azərbaycanda eks-prezident kimi Ayaz Mütəllibov üçün hər bir şərait yaradılıb. Ona vəzifədən də böyük şərait verilib. 20 ildən sonra onu vətənə qaytardılar. Məncə vəzifəni Ayaz Mütəllibov özü də istəməz. Amma bu özlərini müxalifət adlandıran və milləti istəməyən qüvvələrin firki ola bilər. Onlar Ayaz Müttəlibov da başda olmaqla, bir sıra keçmişdə hakimiyyətdə olan şəxsləri ətraflarına toplamaqda maraqlıdırlar. Ayaz Mütəllibov isə düşünürəm ki, çox ağıllı adamdır. Böyük ehtimalla, Ayaz Mütəllibov onlara çox yaxşı cavab da verib. Sadəcə bu cavabı həmin qüvvələr istədikləri şəkildə mətbuata yaymaqla Ayaz Mütəlluibovla hakimiyyət arasında ədavət yaratmaq niyyətindədirlər. Mən Ayaz Müttəlibovla uzun müddət bir yerdə işləmişəm, QosPlanın sədri olanda da, onunla işləmişəm və mən Ayaz Mütəllibovun təcrübəsinə və baxış nöqtəsinə bələdəm. O, milləti istəməyən AXCP kimi özlərini müxalifət adlandıranların təxribatına uymayacaq.

-Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla müxalif partiya sədrlərinin görüşü keçirildi. Sizin bu cür görüşlərin keçirilməsi ənənəsinə münasibətiniz necədir?

- Azərbaycanda Heydər Əliyevin hakimiyyəti dövründə belə iqtidar- müxalifət dialoq şəraiti həmişə olub. Lakin müxalifətdə olan bir sıra radikal mövqeli şəxslərin iddiaları ücbatından bir müddət bu dialoq şəraitinə kölgə salmışdılar. Bəzən deyirlər ki, Hafiz Hacıyev hakimiyyətə yaltaqlanır...Mən düzünü deyirəmsə, niyə görə bunu yaltaqlıq kimi qələmə verirlər? Əgər Hafiz Hacıyev bu gün hakimiyyətə yaltaqlansaydı, bu dəqiqə hər hansısa bir vəzifə sahibi olardı...

Bu cür iqtidar-müxalifət dialoqları çox müsbət bir haldır. Baxmayaraq ki, AXCP başqanı Əli Kərimli o görüşə qatılmıya-qatılmaya görüşün təxribat olduğunu iddia edir. Nə üçün gedib iqtidar müxalifət partiyalarının görüşündə iştirak etmədi? Çünki hərhansısa xaricdə bir institut rektoru ona həmin tədbirə qatılamamaqla bağlı təlimat vermişdi... O zaman təlimatla oturub-duran bir şəxsin ağzına gələni danışmağa ixtiyarı da olmamalıdır.

Mənim bir sıra AXCP nümayəndələri ilə çox yaxşı münasibətim var. Dünən onlarla söhbət edərkən belə, Kərimov Əlinin fəaliyyətinin düzgün olmadığını deyirdilər. Bir az əvvəl də qeyd eddim ki, iqtidar-müxalifət dialoqlarının keçirilməsi çox yaxşı haldır. Bu proses daha intesiv hal almalıdır. Azərbaycanda milli müxalifət var və o milli müxalifətin başında mən durururam. Ona görə də, bu cür dialoqları keçirərkən, ora dəvət edilən və həmin tədbirdə iştirak edən bir sıra müxalifcikləri ora yaraşdırmaq olmaz. Bunu nəzərə almaq lazımdır. Orada öznünü müxalifət adlandırıb, siyasi alver edən və heç bir nüfuzu olmayan kəslər orada iştirak etməklə iqtidar müxalifət dialoqunu nüfuzdan sala bilər. Əli Həsənov da böyük və dünya görmüş siyasətçidir və növbəti görüşlərdə bütün bunları nəzərə alacağına inanıram.

-Türkiyə İŞİD və Suriya böhranı ilə bağlı olaraq hazırda Britaniya, İsrail və İran üçbucağı arasında qalıb. Sizcə bu durum Azərbaycana təsir edəcəkmi?

-Türkiyəni bu gün gözü götürməyən dövlətlər var. Dünənə qədər Türkiyə borc alan dövlət idisə, bu gün artıq olduqca nüfuzlu və borc verən dövlətə çevrilib. Bu da, bir çox xarici dövlətləri, o cümlədən İsrail və Britaniyanı narahat edir. Qeyd edim ki, mən İran, İsrail və Böyük Britaniya üçbucağını qəbul etmirəm. İran Türkiyə münasibətləri, hesab edirəm ki, rəsmi Ankaranın Bəşər Əsədin hakimiyyətdən getməsi tələbinə görə gərginləşməkdədir. Çünki daha əvvəl hamı Türkiyənin Suriyaya, sonra isə İŞİD-ə yardım etdiyini iddia edirdi. Amma Türkiyə cəsarətlə bütün bunların yanlış olduğunu sübut etdi...

Hesab edirəm ki, bu gün hər kəs İŞİD-ə və Suriyaya kimin yardım etdiyinin fərqindədir. Hər kəs həmin layihələrin kimin layihəsi olduğunyu da, çox gözəl bilir. Sadəcə gündən-günə güclənən Türkiyənin böyük Osmanlı İmperiyası tək dünyanı fəth etməsindən ehtiyyat edən siyasi qüvvələr var. Ona görə də, bütün bu layihələri Türkiyə üzərindən aparmaqla bunda maraqlı olan siyasi dairələr bir güllə ilə iki dövşan vurmaq niyyətindədirlər. Əlbəttə Türkiyədə baş verən hər bir hadisənin Azərbaycana da yansıması qaçılmazdır. Dünən Türkiyədə əsən küləyin, sabah Azərbaycanda da, əsəcəyini güman etmək olar... Çünki biz bir millət, iki dövlətik.


Teqlər:



Xəbər lenti