Alimlərimizdən İlham Əliyevə müraciət
Müraciətdə bildirilir: "Çox sevindirici haldır ki, milli sərvətimizin əsas tərkib hissəsi olan elmi potensialın qorunması və daha da inkişaf etdirilməsi Sizin siyasətinizin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət nəticəsində informasiya cəmiyyəti quruculuğu və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması yolunda mühüm işlər görülmüş, elmi potensialın cəmiyyətin inkişafında fəal iştirakı təmin olunmuş, alimlərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır".
Müraciətdə qeyd olunub ki, bütün bu görülən işlər respublikamızın intellektual potensialının aparıcı hissəsi olan alimlərimiz tərəfindən çox yüksək qiymətləndirilir:
"Biz alimlər yaxşı başa düşürük ki, bu gün dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın müasir tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə yönəldilməlidir. Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan elmi potensialının avanqard hissəsi olan alimlər Sizin tərəfinizdən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürmüş və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər etmişlər.
Sizi əmin edirik ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik". (trend)