ABŞ-a Dilqəm yox, Xədicə lazımdır

ABŞ-a Dilqəm yox, Xədicə lazımdır
  30 Dekabr 2014    Oxunub:5468
Brifinqə gecikən sözçü Ratke çatar-çatmaz söhbəti “Azadlıq” radiosundan salıb. “Azadlıq” radiosunun Bakı ofisinin əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən dindirilməsindən olduqca narahatlığını bildirən Departament sözcüsü, nədənsə doğma torpaqlarında ermənilər tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə çıxarılan haqsız hökmdən xəbərsiz olduğunu deyib.

Jurnalistin “sizə bir sual vermək istərdim, bilirsiniz ki iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən əsir götürülüb. Dekabrın 29-da Xankəndində onların qanunsuz “məhkəməsi” keçirilib. Erməni məhkəməsi Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrum etmə cəzası verib. Bu haqda fikrinizi bilmək istərdim” sualına ABŞ Dövlət Departamentinin sözçüsü “bu barədə heç bir məlumatım yoxdur. Məmnuniyyətlə bu məsələni araşdıracağam və baxım görüm brifinqdən sonra sizə bu barədə nə deyə bilərik” deyə cavab verib.

Əslində Ratke bilmir ki, müdafiəsinə qalxdığı “Azadlıq” radiosunun Bakı ofisinin əməkdaşları konkret faktlar üzrə dindirilməyə cəlb olunublar. Burada qeyri-qanuni heç nə yoxdur və dindirilmə də məhkəmə qərarı əsasında aparılır. Hər zaman məhkəmə qanunlarına hörmətlə yanaşdığını bəyan edən və başqalarını da buna səsləyən ABŞ departamenti, görəsən nə üçün bu dəfə məhkəmə qərarına hörmətsizlik edir. Hələ istintaq prosesi başa çatmamış, və yaxud hələ qəbul olunmamış bir qərara görə Azərbaycanı tənqid etmək ölkəyə, istintaq prosesinə təzyiq göstərməkdən başqa bir şey deyil. Buradan belə bir nəticəyə gəlmək olar ki ,“demokratiya” carçısı bu dəfə konkret maraq güdür.

Ratkenin “Azadlıq” Radiosu məsələsini gündəmdə saxladıqlarını və bunu yenidən qaldıracaqlarını” deməsi bunu bir daha sübut edir.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin aqibəti isə Ratkeni maraqlandırmır, yoxsa o boyda Departamentin, bu boyda “vurhavur”dan xəbərsiz olması inandırıcı deyil. Çünki ona Dilqəm Əsgərov və ya Şahbaz Quliyev yox, hansısa Xədicə İsmayıl lazımdır.

Tutaq ki, Xədicə İsmayılova azərbaycanlıdır və ABŞ bir azərbaycanlını müdafiə edir. Bəs, Dilqəm Əsgərov və Şahbaz Quliyev azərbaycanlı deyil? Məsələ burasındadır ki, Ratkeyə Xədicə lazımdır, Dilqəm, ya da Şahbaz yox! Ratke demişkən no comment...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  



Xəbər lenti