Cəbhədə nə baş verir? – Deputatdan AÇIQLAMA

Cəbhədə nə baş verir? – Deputatdan AÇIQLAMA
  05 Yanvar 2015    Oxunub:3091
“Beş il bundan öncə Ermənistan-Azərbaycan cəbhəsində hər iki tərəf atəşkəs rejimini qoruyub-saxlamağa çalışırdılarsa, indi bütün sərhəd bölgələrində xüsusi ilə də Qarabağdakı təmas xəttində sanki hər bir tərəf öz taktikasını dəyişib”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. Millət vəkili ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutmalarına münasibət bildirib.

O, qeyd edib ki, erməni hərbi rəhbərliyi dəyişən şəraitə uyğun olaraq yeni planlarla çıxış etməyə başlayıb. Millət vəkilinin sözlərinə görə, bura qarşı tərəfin hərbi imkanlarını müəyyənləşdirmək üçün müxtəlif kəşfiyyat məlumatlarının alınmasını intensivləşdirmək, zərbələr vurmaq, psixoloji şok doğurmaq və cəmiyyətlərinə bunu ötürmək, həmçinin müəyyən mənada hərbi cəhətdən var-yoxdan çıxarmaq yəni onları müflis etmək, silahdan istifadə etməyə onları məcbur etmək, eyni zamanda təsərrrüfat fəaliyyətini əngəlləmək və s. planlar daxildir:

“Sanki yeni ildən erməni tərəfi fərqli bir hərbi siyasətə start verdiyini göstərməyə çalışır. Azərbaycan isə indiyə qədər öz möqelərini uğurla qoruyub saxlayıb, eyni zamanda düşmən tərəfə ciddi zərbələr vurub. Bu da Zakir Həsənov dediyi ki, bir dəfə atılan güllələyə 10 güllə ilə cavab vermək taktikasıdır”.

Daha sonra millət vəkili qeyd edib ki, 2015-ci ilin ictimai-siyasi və beynəlxalq mənzərəsi Azərbaycanı fəqli bir rejimdə hərəkət etməyə vadar edir:

“ Avropa Olimpiya oyunları hər bir ölkənin uğurudur. Belə olan halda investisiya cəlbi və turist axınları məsələsi də mühüm bir alət rolunda çıxış edir. Ermənilər daha çox çalışacaqlar ki, Azərbaycanı qeyri-sabit məkan, müharibənin davam etdiyi bir ərazi kimi qələmə versinlər”.

Z.Oruc qeyd edib ki, hərbi cəhətdən cəbhə xəttində nə qədər üstünlüyümüz olsa da, erməni tərəfinə itkilər yaşatsaq da, bunlar siyasi cəhətdən heç də Azərbaycanın xeyrinə deyil:

“2015-ci ildə onsuzda bu il hansısa bir bir fövqəladə bir əməliyyat keçirərərk, hansısa bir işğal olunmuş kəndlərimizin azad olunması planı işə düşməyəcəksə, bundan kənarda daha artıq dərəcədə sərt toqquşmalara getmək müəyyən mənada ermənilərin xeyrinə işləyə bilər. Erməni tərəfi də yuxarı dairələrin əmrləri ilə bu oyunlara müəyyən mənada hazırlaşmaqdadırlar. Onların təxribatlarına yol vermək və stimullaşdırmaq olmaz. Bütün beynəlxalq tədbirlər vaxtı biz istər Qarabağda istərsə də bütün Azərbaycanda təhlükəsizlik şəraitinin qorunmasına çalışacağıq. Bu il gücləndirilmiş rejimdə işləmək lazımdır. Bu il Qarbağada geniş atışmaların atəşkəsin intensiv formada pozulmasının qarşısını bütün vasitələrlə almaq lazımdır. Bura siyasi vasitələr də daxildir. Bizim haqqımızdır ki, hər hansı bir kəşfiyyat qrupumuz Xankəndinə getsin və yaxud digər ərazilərimizdə olsunlar və düşmənin zəif mövqlərini öyrənsinlər və lazımı anda onlar zərbə endirsinlər. Tərəflərin məramını biz təyin etməliyik. Erməni hərbi qüvvələri bu ilin tapşığını alıblar. Onlar istəyəcəklər ki, daim atəşkəs rejimi pozulsun. Biz isə buna qarşılıq verərkən son dərəcə ehtiyatlı olmalıyıq. Gücləndirilmiş rejimdə çalışmaq o deməkdir ki, ya bir tərəfdən Qarabağı azad edəcəyiksə əməliyyata getməliyik, yada ki genişmiqyaslı toqquşmalardan daşınmalıyıq”.

Qeyd edək ki, yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.

Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:



Xəbər lenti