`5 yaşlı nəvəm himni məndən yaxşı bilir` - Millət vəkili

`5 yaşlı nəvəm himni məndən yaxşı bilir` - Millət vəkili
  06 Yanvar 2015    Oxunub:2099
“Mədəniyyət sahəsində işləyən insanlar böyük maaşlar almırlar. Teatr xadimləri çox cuzi bir maaşla işləyirlər. Bu baxımdan onlar çox fədakardırlar”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova deyib. Millət vəkili mədəniyyət sahəsində çalışanlara fəxri adların verilməsindən danışıb. Qeyd edib ki, şou ailəmindən fərqli olaraq teatr və mədəniyyət sahəsində çalışan işçilərə fəxri adların verilməsinin tərəfdarıdır:

“Muzey işçiləri, kinoda, teatrda işləyən aktyorlar, aktrisalar, rejissorlara fəxri adların verilməsinin tərəfdarıyam. Özüm də fəxri jurnalistəm. Bununla da fəxr edirəm. Bu bizim üçün çox böyük təsəllidir. Bu, bizə dövlət tərəfindən verilmiş qiymətdir. Mən bunu çox yüksək qiymətləndirirəm. Hər adam fəxri ad ala bilməz. Amma mədəniyyət sahəsində çalışan insanlar belə adlara layiqdirlər. Onlar bizim mədəniyyətimizi qoruyub saxlayıblar. Onlar müəllimlərimiz kimi cuzi maaşla işləyərək mədəniyyətimizi, mənəviyyatımızı qoruyub saxlayıblar. Ona görə də onlara fəxri ad verilməsinə dəyər. Estrada, şou məsələsini bilmirəm. O, aləmə mən bələd deyiləm. Onların istedadalarına da bələd deyiləm. Şou aləmi mənim üçün qaranlıq aləmdir. Onlar mənim üçün maraqsızdırlar. Klassik musiqi və caz mənə daha yaxındır. Azərbaycan etradası və şousu mənə yaxın deyil”.

Xanım deputat daha sonra əlavə edib ki, xalq artistləri Azərbaycanın tarixini, dövlət himnini bilməlidirlər:

“Azərbaycanın tarixini hər kəs bilməlidir. Xalq artistləri ilə yanaşı bizim gənclərimiz də milli qəhrəmanlarımızın adlarını bilməlidirlər, işğal altında olan rayonlarımızı tanımalıdırlar. İndi onlardan bu barədə soruşsan, bəlkə də heç nə deyə bilməzlər. Bu bizim ümumi qüsurumuzdur. Bu tək artislərin deyil, bütöv cəmiyyətin problemidir”.

E. Axundova bildirib ki, həmin qüsurlar hazırda dövlət tərəfindən aradan qaldırılır:

“Mənim 5-6 yaşlı nəvəm var, o, Azərbaycan dilində dövlət himnini məndən yaxşı bilir. Məktəblərdə vətənpərvərlik mövzusu çox güclü aşılanır. Mən bunu alqışlayıram. Əgər artistlər xalq artistləridirlərsə onlar da bunu bilməlidirlər. İnşallah xalq artistlərimiz də bizim uşaqlarımızıdan bunu öyrənərlər. Vətən məsələsi hər kəsin ürəyində olmalıdır. Hər kəs vətənpərvər olmalıdır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti