`Beynəlxalq münasibətlərdə kartlar açılıb` - Səməd Seyidov

`Beynəlxalq münasibətlərdə kartlar açılıb` - Səməd Seyidov
  07 Yanvar 2015    Oxunub:1979
`AŞPA-nın hər bir sessiyası kimi, bu ayın sonlarında keçiriləcək qış sessiyası da bizim üçün əhəmiyyətlidir. Əhəmiyyətlidir ona görə ki, Avropa çox mürəkkəb dövrünü yaşayır. Yunanıstandakı mövcud vəziyyət, İrlandiyanın Avropa İttifaqı ilə bağlı mövqeyi, Ukraynada baş verən hadisələr, Rusiyaya qarşı sanksiyalar və s. Bu proseslərin təhlili hər hansı formada AŞPA-da müzakirə olunacaq və biz nümayəndə heyəti olaraq bu müzakirələrdə iştirak edəcəyik`.

Bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzərTAc-a müsahibəsində deyib. O, bildirib ki, Azərbaycanın prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini AŞPA-nın gündəliyinə çıxarmaqdır: “Əlbəttə, gündəliklə bağlı münasibətimizi bildirəcəyik. Azərbaycanlı məcburi köçkünlərin problemləri, işğal olunmuş ərazilərin ekoloji vəziyyəti ilə bağlı məsələləri “Dağlıq Qarabağ” adı altında Avropa Şurasına təqdim edirik. Yəni, biz Avropa Şurasında bütün aspektlər üzrə, o cümlədən məcburi köçkünlərlə əlaqəli məsələləri qaldırırıq. Əvvəlcədən deyə bilərəm ki, Azərbaycan nümayəndə heyəti bu məsələyə dair mövqeyini də mütləq bildirəcək”.

Seyidovun sözlərinə görə, 2014-cü il Azərbaycan üçün Avropa Şurasında çox mühüm və tarixi bir il olub. Çünki 2014-cü ildə Azərbaycan Avropa Şurasına sədrlik edib. Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanı tamamilə yeni bir mərhələdə dünyaya təqdim edib: “2014-cü ildə Prezident İlham Əliyev isə tarixi çıxışında artıq konkret nəticələrdən, həmçinin perspektivlərdən danışdı. Bu çıxış həm də Azərbaycanın imkanları ilə yanaşı, azərbaycançılıq ideyasının təntənəsini göstərdi. Azərbaycana dünya dövlətləri arasında mövqeyini möhkəmləndirməyə şərait yaratdı, ölkəmizin gücünü, potensialını artırdı və perspektivlərini müəyyənləşdirdi. Bu tarixi çıxış Avropa Şurasında, o cümlədən üzv ölkələrdə yüksək qiymətləndirildi. Məhz buna görə də düşünürəm ki, Azərbaycan maraqlarının müdafiəsi baxımından dövlətimizin başçısının bu çıxışı 2014-cü ildə Azərbaycan-Avropa Şurası münasibətlərinin zirvəsi oldu”.

Seyidov deyib ki, həm Avropa Şurasının baş katibi Torbyorn Yaqland, həm də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycanın Avropa Şurasına sədrliyini yüksək qiymətləndiriblər:

- Azərbaycanı gözü götürməyən qüvvələr bu nailiyyətlərə kölgə salmaq istəyirlər. Belə əsassız iddialar səslənir ki, guya Azərbaycanda insan haqları ilə bağlı hansısa pozuntular baş verib. Əslində isə, məhz 2014-cü ildə Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət insan hüquqları məsələləri üzrə birgə işçi qrupu Prezident İlham Əliyevin və baş katib Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib. 2014-cü ildə Azərbaycan Milli Məclisində Avropa Şurasının daimi komitəsi və bürosunun, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının, NATO Parlament Assambleyasının Rouz-Rout seminarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, TÜRKPA-nın iclaslarının keçirilməsi ölkəmizin həmin ildə beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətinin göstəricisidir.

Deputatın sözlərinə görə, Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələr tərəfindən qəbul edilmir: “Biz coğrafi nöqteyi-nəzərdən çox da böyük dövlət deyilik. Ancaq apardığımız müstəqil siyasət, qazandığımız uğurlar, xüsusilə iqtisadi nailiyyətlərimiz bizi çox güclü dövlətə çevirib. Bu güclü dövlət regionda başqalarının marağını deyil, yalnız özünün, Azərbaycan xalqının maraqlarını təmin edir. Məhz bu siyasət bəzi dairələrin mənafelərinə uyğun gəlmir. Azərbaycana göstərilən təzyiqlər, qərəzli mövqe, ilk növbədə, bundan qaynaqlanır. Beynəlxalq sistemdə nadir dövlətlər var ki, o qədər də böyük deyil, ancaq güclü təsir imkanlarına malikdir. O qədər də böyük olmayan ölkənin öz maraqları çərçivəsində siyasət yürütməsi, ümumiyyətlə, çox nadir hallarda mümkündür. Bəzi dövlətlər var ki, ərazi baxımından o qədər də böyük deyil, güclü iqtisadiyyata malikdir, amma öz maraqlarını kənara qoyaraq böyük dövlətlərin maraqlarını həyata keçirilər. Elə dövlət də var ki, kiçikdir, iqtisadi gücü də yoxdur və başqa ölkənin marağını həyata keçirir. Buna misal kimi qonşumuz Ermənistanı göstərmək olar. Ümumiyyətlə, Ermənistanı müstəqil ölkə adlandırmaq düzgün deyil. Ermənistan müstəqilliyini itirmiş bir ölkədir, sadəcə olaraq forpostdur”.

Səməd Seyidov deyib ki, 2015-ci il bizim üçün çox vacib il olacaq:

- Beynəlxalq münasibətlərdə rəmzi mənada desək, kartlar açılıb. Əvvəllər bu münasibətlərdə gözə görünən və görünməyən amillər var idi. Məsələn, Avropa Şurasında əsas bir dəyər kimi insan haqları uğrunda mübarizə təqdim edilirdi. İndi görürük ki, bəzi beynəlxalq təşkilatlarda insan haqları amilindən bir alət kimi istifadə edib ölkələrə təsir göstərirlər. Digər tərəfdən, demokratiyanı bir ölkədən digərinə bir əşya kimi gətirmək mümkün deyil. Demokratik prinsiplər, dəyərlər ölkənin içərisində formalaşmalı, püxtələşməlidir. Buna isə zaman lazımdır. Bir misal çəkim. Avropa Şurasının tövsiyələrini statistik göstəricilərə görə ən çox yerinə yetirən ölkə Ukrayna idi. Hətta Avropa Şurasının Ukrayna Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tövsiyəsi də yerinə yetirildi. Baxmayaraq ki, sonradan köhnə konstitusiyanı bərpa etdilər, ancaq artıq gec idi. Ukraynada baş verənlər göz qabağındadır. Bu gün o tövsiyələri verən Avropa Şurası Ukraynanın gələcəyi ilə bağlı heç bir addım atmır.
Bu baxımdan demək istəyirəm ki, artıq beynəlxalq münasibətlərdə bütün amillər görünməyə başlayır. Avropada qəbul olunmuş dəyərlər məhz ikili standartlar nəticəsində korroziyaya uğrayıb. Azərbaycana insan haqları ilə bağlı təzyiqlər göstərilir. Mən bu təzyiqlərin canlı şahidiyəm. Ancaq qonşu ölkələrdə bu məsələ ilə bağlı vəziyyət bizimkindən qat-qat gərgin olsa da, onlara nəyə görəsə göz yumulur. Bu, həmin dövlətlərdən daha çox Avropa Şurasına mənfi təsir göstərir. Nəticədə bu qurum yavaş-yavaş nüfuzunu itirir. Əgər təşkilat nəyisə dəyişmək istəyirsə, birinci özündən başlamalıdır, ikili standartları aradan qaldırmalıdır. Necə ola bilər ki, digər dövlətlərə sanksiyalar tətbiq olunur, amma Ermənistana yox. Necə olur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistana heç bir təzyiq göstərilmir?! Belə hallar nə qədər davam edəcəksə, təşkilat da bir o qədər zəifləyəcək.


Teqlər:





Xəbər lenti