Zorgenin heykəli yığışdırılsın - deputatdan təklif

Zorgenin heykəli yığışdırılsın - deputatdan təklif
  09 Yanvar 2015    Oxunub:5666
Millət vəkili Fazil Mustafa Bakıda yerləşən Rixard Zorgenin heykəlinin yığışdırılmasını təklifini irəli sürüb.
AzVision.az xəbər verir ki, deputat bu barədə özünün facebook səhifəsində yazıb.

“Bakıda ən mənası anlaşılmaz bir abidənin yanından hər gün piyada və ya maşınla şütüyüb keçirik. Kimdir axı bu Rixard Zorge, nədir axı iki böyük gözü qazıb qoyublar mücərrəd bir adamın başdan ibarət daş siluetinin üzərinə, adını da qoyublar heykəl? Zorge birinci dünya müharibəsində kəşfiyyatçı olub, hansı ölkənin marağına işlədiyi hələ də dəqiqləşdirilməyib, bircə bizə dəxli olan məsələ budur ki, deyilənə görə Bakıda anadan olub. Guya Stalinə birinci dünya müharibəsinin başlamasının dəqiq tarixini xəbər verib, indi əgər bu meyardırsa o zaman Stalinə daha çox xəbər ötürən hamınızın tanıdığı Ştirlisi (və ya Maksim İsayevi) niyə Azərbaycanın milli qəhrəmanı kimi tanımayaq? Bunun hələ də ağıllı izahını tapa bilmirəm, Bakıda anadan olmaq əsasdırsa, o zaman Bakıda doğulmuş bütün tanınmış ermənilərə, gürcülərə, yəhudilərə heykəl qoymağımız lazım gələcək”

Millət vəkili belə bir sual da edib ki, Zorgeyə heykəl qoyulubsa, ondan çox Bakıya dəxli olan şahmat üzrə dünya çempionu Qarri Kasparova niyə abidə qoyulmasın? Niyə Şəmkirdə Sovet marşalı Baqramyana abidə qoyulmasın? O zaman Dağüstü parkda Kirovun heykəli yenidən niyə bərpa olunmasın?

F.Mustafa onu da bildirib ki, anladığım budur ki, abidə qoyulmaq üçün Azərbaycana xidmət vacib deyil, Bakıda, rayonlarımızın birində doğulmaq yetərli sayıla bilər.

“Çünki Azərbaycana xidmət əsas meyar götürülsəydi, tariximizdə bu günədək Azərbaycana Nuri Paşadan böyük xidmət göstərən çox az adam taparsınız, abidə cəhənnəmə, adına heç bir dalanı da qoymayıblar. Səlahiyyət sahibi olsaydım, məmnuniyyətlə bu Zorgenin heykəlini buradan tolazlayıb, yerinə Paşamızın qüdrətli heykəlini ucaldardım. Anlayıram, onlarla heykəl var ki, guya Azərbaycanın tarixi qəhrəmanı olublar, guya Azərbaycana hansısa xidmətləri olub, buna yenə də hansısa səbəblərdən susub keçmək mümkündür, ancaq bu Zorgenin Azərbaycana xidməti nə olub, inanın ki, bayaqdan düşünürəm, hələ də sualıma cavab tapa bilmirəm. Əslində mən heykəl və ya abidə məsələsinə elə bir əhəmiyyət verən anlayışa sahib deyiləm, sadəcə bu heykəllərlə bu xalqa, bu millətə, bu dövlətə dəxli və ya faydası olmayan adamların hələ də başımıza çıxarılması faktına, habelə varlığımızda, bu gün mövcud olmağımızda haqqı olan şəxsiyyətlərə olan vəfa borcumuzu unutduğumuza diqqət çəkirəm”.

AzVision.az


Teqlər:



Xəbər lenti