QHT-in 20 Yanvar BƏYANATI

QHT-in 20 Yanvar BƏYANATI
  19 Yanvar 2015    Oxunub:3047
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu ağır cinayətin məqsədi dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxmış xalqımızın milli azadlıq hərəkatını susdurmaq idi.
Dinc əhaliyə qarşı kütləvi qırğının təşklində bilavasitə məsuliyyət daşıyan Sov.İKP-nin baş katibi M.S.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan Konstitusiyasının isə 71-ci maddələrini kobud şəkildə pozaraq ölkə ərazisində heç bir ehtiyac olmadan fövqəladə vəziyyət elan edib. Bu haqda məlumat isə respublika əhalisinə faciə törədildikdən sonra – yanvarın 20-də səhər saat 7-də bildirilmişdi. Təəssüflər ki, M.S.Qorbaçov və onun ətrafındakılar törətdiyi bu bəşəri cinayətə görə indiyədək cəzasız qalıb.

20 Yanvar hadisəsi xalqımız üçün unudulmaz faciə olsa da, eyni zamanda bir qəhrəmanlıq nümunəsidir. Çünki 20 Yanvar şəhidləri canları bahasına 70 illik sovet imperiyasının süqutunun əsasını qoydular.

1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk dəstəyi Azərbaycan xalqı verdi. Almaniyanın birləşməsinin qarşısını ala bilməyən SSRİ rəhbərliyi kommunist rejiminin ömrünü Bakıya qoşun yeritmək və milli azadlıq hərəkatını yatırmaqla uzatmağa çalışırdı.

Ancaq Azərbaycan xalqının qəhrəmanlığı nəticəsində SSRİ rəhbərliyi bu niyyətini gerçəkləşdirə bilmədi. 20 Yanvar qətliamından sonra SSRİ-yə olan inam tamamilə itdi və Azərbaycanın müstəqilliyi uğrunda hərəkat daha geniş vüsət aldı.

Məhz 20 Yanvar hadisəsindən sonra sovet rejiminin dağılması qarşısıalınmaz prosesə çevrildi. 70 ilə yaxın ayrı-ayrı xalqları əsarəti altında saxlayan sovet imperiyasından qurtulmaq uğrunda mübarizənin yeni mərhələsi başladı və SSRİ–nin tərkibində olan digər millətlərin də azadlıq mücadiləsinə təkan verdi. Şərqi Avropa ölkələrindən qırmızı ordunun qovularaq çıxarılması prosesi sürətləndi. Onların bu mübarizəsi xalqımızın azadlıq və müstəqillik tələbini bir daha dünya ictimaiyyətinə çatdırmış oldu.

Çox keçmədi ki, xalqımızın şərəfli mübarizəsi bəhrəsini verdi və 1991-ci ilin 18 oktyabrında uzun illərdən sonra dövlət müstəqilliyimiz yenidən bərpa edildi. XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpasında 20 Yanvar şəhidlərinin müstəsna rolu var.
SSRİ-nin 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya qoşun yeritməsi faktına beynəlxalq ictimaiyyətin göstərdiyi münasibət 20 yanvar 1990-cı ildə Bakıya ordu göndərərək dinc vətəndaşları qətlə yetirməsi hadisəsinə də gec də olsa şamil olunmalıdır.

Biz, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları olaraq 20 Yanvar qətliamının 25 illiyi ilə bağlı dünya ictimaiyyətinə müraciət edərək günahsız insanları qətlə yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini, onların beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edirik. Eyni zamanda xalqımızın Sovet İttifaqının çökməsinə və bu ona daxil olan respublikaların dövlət müstəqilliyi əldə etməsinə verdiyi böyük töhfənin layiqincə qiymətləndirilməsini istəyirik.


Teqlər:  



Xəbər lenti