14 saylı “zon”un rəisi: “Bizim günahımız yoxdur...” - EKSKLÜZİV
Bunu AzVision.az-a eksklüziv açıqlamasında 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli İbrahimov deyib.
Ə.İbrahimov 14 saylı “zon”da baş verənlərlə bağlı ilk dəfə açıqlama verərək qeyd edib ki, cəzaçəkmə müəssisəsinə basqın olmayıb, deyilənlər həqiqəti əks etdirmir:
“Mətbuatda yazılar gedəndən sonra məhkumların valideynləri təşvişə düşmüşdülər. Valideynlər istədikləri gün gəlib məhkumlarla görüşə bilərlər. Məhkumlar ailələri ilə həmçinin teleflonla da əlaqə saxlayırlar. Kimsə təxribat xarakterli məlumatlar yayır. Hamı da onun arxası ilə gedir. Bizim burada heç bir günahımız yoxdur. Deyilənlər sadəcə yalandır. Burada işgəncə faktı qətiyyən ola bilməz. Narahat olanlar gəlib öz qohumlarına baş çəkə bilərlər. Basqın xəbərləri də yalandır. Burada heç nə baş verməyib. Biz heç kəsi aldatmırıq. Kimsə cinayət işləyirsə, cəzasını da alır. Bura dövlətin strateji obyektidir. Heç bir problem yoxdur”.
Qeyd edək ki, son günlər ölkədə böyük qalmaqala səbəb olan 14 saylı cəzaçəkmə müəssisəsindən 11 məhkum başqa müəssisəyə köçürülüb.
Bu barədə saytımıza İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat vermişdi. Həmçinin mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, gecə saatlarında 14 saylı “zon”a maskalı şəxslər basqın ediblər. İddia edilir ki, həmin müəssisəyə hərbi texnika da yeridilib.
Xatırladaq ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar etiraza qalxmışdılar. Mətbuatda yayılan məlumatlara görə, məhbusları ayağa qaldıran səbəb 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi olub.
İddia edilir ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


