Akif Əlizadə hesabat verir
“Beynəlxalq səviyyəli ekspertlər Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri, həmçinin Cənubi Qafqazın lider dövləti kimi qiymətləndirirlər”.
A.Əlizadə bildirib ki, Akademiyanın strukturunun müasir dünya elminin inkişaf tendensiyalarına və ölkəmizin maraqlarına uyğun istiqamətdə yenidən qurulması ötən il həyata keçirilən islahatların mühüm bir hissəsini təşkil edib.
“Bu istiqamətdə AMEA-nın strukturunda Biofizika və Smart materialları Mərkəzi, Quba Regional Elmi Mərkəzi, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi, Dünya Siyasəti, Qafqazşünaslıq institutları yaradılıb. Həmçinin, Geologiya İnstitutunun Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisinin Dendrologiya İnstitutu, Kimya Problemləri İnstitutunun Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Kibernetika İnstitutunun isə İdarəetmə Sistemləri İnstitutu adlandırılması haqqında müvafiq qərarlar qəbul edilib”-deyə AMEA prezidenti qeyd edib.
Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirən A.Əlizadə bu seçkiləri yalnız Akademiyanın deyil, ölkənin elmi və ictimai həyatı üçün əlamətdar hadisə olduğunu bildirib.
O, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin uğurla həyata keçirildiyini, vakant yerlərə 26 həqiqi və 50 müxbir üzvün seçildiyini əlavə edib.
2014-cü il Akademiya üçün, bütövlükdə ölkəmizin elmi həyatı üçün bir sıra "ilk"lərlə də yadda qalıb. Belə əlamətdar hadisələrdən biri də 10-11 noyabr tarixində AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq keçirilən “Bakı Elm Festivalı-2014” olub.
Elmimizin nailiyyətləri, həmçinin elmi innovasiyalar festivalda nümayiş olunub, informasiya-kommunikasiya texnologiyaları və digər müasir innovativ üsullar əsasında elmin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib.
Akademik bildirib ki, elmin populyarlaşdırılması vasitəsilə cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək baxımından festival böyük əhəmiyyətə malik olub. Bir sıra sərgiləri, mühazirələri, elmi səyahətləri, maraqlı şou və digər əyləncəli proqramları əhatə edən tədbirdə xarici qonaqlar, respublikamızın dövlət və özəl qurumlarının nümayəndələri, orta və ali təhsil müəssisələrinin çoxsaylı şagird və tələbələri, həmçinin adi vətəndaşlar böyük maraqla iştirak ediblər.
A.Əlizadə ilk dəfə keçirilən tədbirlərdən birinin də Azərbaycan alimlərinin I Qurultayının olduğunu deyib.
O, AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən qurultayın müasir dünyanın çağırışlarına müvafiq olaraq Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq, ölkədə və xaricdə yaşayan azərbaycanlı alimlər arasında əlaqələri gücləndirmək məqsədi daşıdığını vurğulayıb.
AMEA rəhbəri tədbirdə akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin iştirak etdiyini xatırladıb və Qurultayın materiallarını əks etdirən kitabda gələcək məqsədlərin əks olunduğunu söyləyib. Ötən ildə elm və təhsilin uğurlu inteqrasiyası istiqamətində də
Akademiyanın fəaliyyətini uğurlu hesab edən A.Əlizadə AMEA-nın bir sıra elmi müəssisələri ilə bəzi ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılması, həmçinin birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalandığını bildirib. Eləcə də əməkdaşlıq münasibətlərinin yalnız ali təhsil müəssisələrini deyil, həm də orta məktəbləri əhatə etdiyini vurğulayıb.
“Şagirdlərin istedadlarının üzə çıxarılması, onların elmə maraqlarının artırılması üçün fənn olimpiadalarının keçirilməsi, görkəmli alim və mütəxəssislərlə görüşlərin təşkil olunması istiqamətində AMEA-nın Rəyasət Heyəti və elmi müəssisələri tərəfindən müxtəlif tədbirlər həyata keçirilib”.
Akademiyada magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən biri olduğunu deyən AMEA prezidenti bu işin məhz 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını diqqətə çatdırıb.
Qeyd edib ki, artıq bu il 7 ixtisas üzrə AMEA-da magistratura təhsilinə start veriləcək. Hesabat ilində Akademiya müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini deyən A.Əlizadə ölkə başçısının iştirakı ilə Mərkəzi Elmi Kitabxananın və Milli Ensiklopediyanın müasir dünya standartları səviyyəsində olan yeni binalarının istifadəyə verildiyini xatırladıb. Bir sıra elmi müəssisələrin inzibati binaları rekonstruksiya olunub, ən müasir cihaz və avadanlıqlarla təchiz olunub.
Akif Elizadə ötən il ərzində vəfat edən akadmiklərdən danışıb və bu halları AMEA üçün itki kimi qiymətləndirib.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


