Bahar Muradova: `Uğurlarımızı gözləri götürmür, qısqanırlar...`

Bahar Muradova: `Uğurlarımızı gözləri götürmür, qısqanırlar...`
  07 May 2015    Oxunub:1699
“Çox təəssüf ki, Azərbaycanın içərisindən də qarayaxma kampaniyalarına səs verənlər olur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Avropa Oyunları ərəfəsində bəzi xarici dairələr tərəfindən ölkəmizə edilən qarayaxma kampaniyaları ilə bağlı danışarkən deyib. O, bildirib ki, buna qarşı münasibətimiz təbii ki, birmənalı şəkildə pisdir:

“Çünki Azərbaycan inamla, həvəslə bu oyunların təşkilatçısı kimi çıxış edir, maddi, mənəvi, insani resurslarını bura cəlb edir. Xalqları, dövlətləri bir-birinə yaxınlaşdırmaq məqsədi güdməli olan layihələrə ev sahibliyi edir və onu yüksək səviyyədə təşkil edir. Bunun müqabilində ona qarşı belə kampaniyalar əlbbətdə ki, narahatlıqla qarşılayıram. Amma Azərbaycan müstəqilliyinin son illəri, onun dünyada mövqeyinin möhkəmlənməsi, daha çox nüfuz əldə etməsi, iradəsi ilə fərqlənməsi, heç bir kənar təsirin, təzyiqin onu yolundan döndərməməsinə görə, Azərbaycan belə qarayaxma kampaniyalarının hədəfinə tez-tez çevrilməli olur.

Biz bunun arxasında kimlərin və hansı maraqların dayandığını yaxşı bilirik. Bu cür təzyiq və təsirlərlə tutduğumuz yoldan döndərmək, müstəqil iradəmizi sındırmaq mümkün deyil. Azərbaycan öz fəaliyyəti, yeritdiyi siyasətilə qətiyyətli mövqeyilə bunu sübut edir”.

Millət vəkili onu da qeyd edib ki, Ermənistandan başqa Azərbaycanın heç bir başqa ölkə ilə ikitərəfli əsasda münasibətində problemi yoxdur. Onun sözlərinə görə, bizə qarşı bu cür qaralama kampaniyası bir qayda olaraq ya maliyyəcə erməni mənbələrinə aid olan təşkilatlar və ya mənəvi cəhətdən ermənilər qarşısında özünə öhdəlik götürən, Azərbaycanının uğurlarını gözü götürməyən, qısqanclıqla qarşılayan adamlar tərəfindən aparılır:

“Çox təəssüf ki, bəzi hallarda Azərbaycanın içərisindən də onların bu hərəkətlərinə səs verənlər olur. Bunsuz da mümkün deyil. Azərbaycan demokratik cəmiyyət quruculuğunda olan bir ölkədir. İstənilən normal, obyektiv tənqidləri qəbul edirıir. Amma qərəzli qaralama kampaniyalarını rədd edir. Biz hal-hazırda bu mövqedəyik. Bütün bu səylərə, cəhdlərə rəğmən Azərbaycan öz vəzifəsini ləyaqətlə yerinə yetirməkdədir. Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir, infrastruktur və təhlükəsizlik məsələləri çox yüksək səviyyədə gedir.

Əsas da odur ki, bu qarayaxma kampaniyalarının arxasında dayananların beynəlxalq idman strukrutlarına müraciətlərinin cavabında həmin qurumların rəhbərləri lazımı cavabı veriblər. Hesab edirəm ki, bu cavab onları vadar etməli idi ki, öz mövqelərinə yenidən baxsınlar”.

Ölkə daxilində də oyunların boykot edilməsinə münasibət bildirən millət vəkili qeyd edib ki, həmin şəxslər cəmiyyət tərəfindən uzun illərdir ki, boykot olunmuş insanlardır:
“Boykot olunmuşların boykotu heç nə verməyəcək. Azərbaycan bu tədbirləri yüksək səviyyədə təşkil edəcək və bizi istəməyənlərin də istəkləri də gözündə qalacaq”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti