Mərkəzi Bankın pulu niyə azalır? - AÇIQLAMA

Mərkəzi Bankın pulu niyə azalır? - AÇIQLAMA
  09 May 2015    Oxunub:2791
“Mərkəzi Bank valyuta bazarına intervensiya edir və bu devalvasiyadan əvvəl də baş verib. Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar manatın məzənnəsini qoruyub saxlamaq mümkün olmadığı üçün Mərkəzi Bank məhz külli miqdarda devalvasiyaya getdi”.
Bunu AzVision.az-a millət vəkili Vahid Əhmədov Mərkəzi Bankın valyuta ehtiyatının azalmasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bütün proseslərə baxmayaraq, hazırda manat tam yerini tutmayıb: “Mərkəzi Bank tərəfindən manatın qorunub saxlanması üçün maliyyə bazarına müəyyən qədər vəsait buraxılır. Bu, manatı hazırki səviyyədə saxlamaq üçündür. Manatı qorumaq üçün ildə orta hesabla 600-700 milyon manata yaxın vəsait sərf edilib”.

Deputat qeyd edib ki, Mərkəzi Banknı valyuta ehtiyatı əvvəl 15 milyard manata yaxın idisə, indi azalıb 9 milyarda düşüb. Bu azalmanı uzun müddət davam etdirmək olmaz.

“Bunların hamısı ümumiyyətlə neftin qiymətindən asılıdır. Dünya bazarında neftin qiyməti yüksələrsə, onda manatın məzənnəsində ciddi problem olmayacaq. Çünki son vaxtlar neftin qiymətində müəyyən qədər artım müşahidə olunur. Amma azalma baş verərsə, manatın öz həqiqi yerini alması üçün devalvasiya etmək lazım olacaq. Bu proses sırf neftin qiymətindən asılıdır. Neftin qiymətinin artıb-azalması proqnozunu vermək düzgün deyil. Dünya siyasətində çox ciddi proseslər gedir. Belə görünür ki, neftin qiyməti 60-70 dollardan yüksək olmayacaq. Ona görə də manatın qorunub saxlanmasında müəyyən qədər problem ola bilər”,-deyə V.Əhmədov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları bu ilin may ayının 1-nə 8 387,9 mln. ABŞ dolları təşkil edib. Bu göstərici aprelin 1-i ilə müqayisədə 1 084,2 mln. dollar və ya 11,4% azdır. Keçən ilin müvafiq dövrünə nisbətən müqayisədə valyuta ehtiyatları üzrə 6 483,2 mln. dollar və ya 43,6%, ilin əvvəlindən etibarən isə 5 370,4 mln. dollar və ya 39% azalma qeydə alınıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti