Əli Abbasov: “Avropa Oyunlarına hazırıq”

Əli Abbasov: “Avropa Oyunlarına hazırıq”
  14 May 2015    Oxunub:1540
“Azərbaycanın informasiya sistemlərinə kiberhücumların sayı orta hesabla ildə 30% artır”.
Bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, kiberhücumların 90 faizi xaricdəndir: “Hər həftə istifadəçilərin təxminən iki min personal və planşet kompüterləri virusa yoluxur. Monitorinqlər göstərir ki, ölkənin əsas istifadəçilərinin cihazlarının 25%-i informasiya təhlükəsizliyi risklərinə məruz qalır. Dövlət üçün informasiya təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətlərindəndir. Bu sahədə istər daxili, istərsə də xarici siyasət formalaşdırılıb".

Nazir deyib ki, bu məsələ bu gün dünyada ciddi hal alıb, sanki soyuq müharibənin yeni variantıdır: "Bu gün kiberhücumlar nəticəsində böyük informasiya resursları dağıdılır, bank, maliyyə strukturlarında müəyyən cinayətlər həyata keçirilir. Ona görə də Azərbaycan beynəlxalq aləmdə də tədbirlər həyata keçirir. Bütün bunlar bizim üçün önəm daşıyır. Çünki bir aydan sonra I Avropa Oyunları başlayır.

Belə beynəlxalq səviyyəli tədbirdə çox yüksək avtomatlaşdırma, elektronlaşdırma mühiti var. Bütün dövlət təhlükəsizlik strukturları, texnoloji sahədə məşğul olan strukturlar, həmçinin, xarici tərəfdaşlarımızla birlikdə Azərbaycanda Avropa Oyunlarının keçirilməsində kiberhücumlardan prinsipial ziyan görülməməsi üçün tədbirlər hazırlamışıq".

Rəhbərlik etdiyi nazirliyin Avropa Oyunlarına hazırlıq işlərini tam başa çatdırdığını deyən Ə.Abbasov: “ I Avropa Oyunları üçün telekommunikasiya, rabitə, internet, radiotexniki mühafizə, həmçinin yayımının təşkili, o cümlədən də kosmik vasitələrdən istifadə olunan yayımın təşkili üzrə bütün işlər tamamilə başa çatıb. Hal-hazırda son sınaq işləri aparılır”- deyə o, əlavə edib.

Ə. Abbasov deyib ki, I Avropa Oyunları keçirilən bütün yerlərdə internet yüksək səviyyədə təmin olunacaq: “Bu il “Azərspace 1” oyunları dünyaya yayan 4 süni peykdən biri kimi istifadə ediləcək”.

AzVision.az


Teqlər:



Xəbər lenti