Zakir Qaralov: `Mənfi hallar aradan qaldırılır`

Zakir Qaralov: `Mənfi hallar aradan qaldırılır`
  26 May 2015    Oxunub:3262
“Ötən 10 il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə genişmiqyaslı tədbirlər görülüb. Həmçinin aparılmış məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunub”.

Bunu baş prokuror Zakir Qaralov Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

O qeyd edib ki, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin səmərəli fəaliyyəti prokurorluq orqanlarında da öyrənilir və həmin qurumların qabaqcıl təcrübəsi nəzərə alınır: “Bu isə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyəti, sıx əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində mümkün olub. Məsələn, Hakimlərin Seçki Komitəsinin uğurlu təcrübəsindən Baş Prokurorluğun işə qəbul üzrə Müsabiqə Komissiyasında istifadə edilib”.

Zakir Qaralov deyib ki, hazırda məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, hakimlər arasında ixtisaslaşmanın aparılması, yuvenal ədliyyənin inkişafı və digər mühüm istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir: “Yaradılmasının 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fəaliyyət göstərməkdədir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti