“Arif Məmmədovu şiddətlə qınayıram” - XİN əməkdaşı

“Arif Məmmədovu şiddətlə qınayıram” - XİN əməkdaşı
  08 İyun 2015    Oxunub:4796
“Mən İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədovun facebook sosial şəbəkəsindəki müxalifətçi çıxışını dəstəkləməmişəm”.
Bunu virtualaz.org saytına ünvanlandığı müraciətində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Cavid Musayev bildirib.

C.Musayev bəyan edib ki, o, XİN sistemində 11 il çalışmış və müxtəlif vəzifələr tutmuş bir diplomat kimi yalnız prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyib: “Mən bu siyasəti dəstəkləməyi özümə şərəf bilmişəm”.

Cavid Musayev keçmiş səfir Arif Məmmədovun Azərbaycan və Azərbaycan xalqı barədəki fikirlərini sərt şəkildə qınayaraq bəyan edib ki, bu cür fikirlərin Azərbaycan diplomatının dilindən səslənməsi yolverilməz haldır: “11 illik diplomatik fəaliyyətim boyunca mən Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyində çalışmışam. Bunu xüsusi qeyd etmək istəyirəm ki, Arif Məmmədov Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri təyin olunanda mən artıq 1 il idi ki, orada işləyirdim. Sonra isə mən Azərbaycanın Niderlanddakı və Belçikadakı səfirliklərində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində çalışmışam. Bütün potensial və enerjimi prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun həyata keçirilməsinə sərf etmişəm.

XİN-də işlədiyim müddətdə rəhbərlik tərəfindən 6 dəfə xüsusi fəxri fərmanla təltif olunmuşam. Bütün bacarığını və gücünü bu işə sərf edən bir şəxs öz prezidentinə və dövlətçiliyinə qarşı çıxa bilərmi? Heç bir halda!”

Diplomat bir daha vurğulayıb ki, o, Arif Məmmədovun facebookda yaydığı müxalif ruhlu fikirlərini dəstəkləməyib, bu fikirlərə şərh verməyib və onları yaymayıb: “Mənim prezidentə, dövlətçiliyimizə və xalqımıza sevgi və sədaqətim hüdudsuz və əbədidir!”


Teqlər:  



Xəbər lenti