KİV-lərin diqqətinə: belə xəbərlər yazmaq olmaz!

KİV-lərin diqqətinə: belə xəbərlər yazmaq olmaz!
  10 İyun 2015    Oxunub:4829
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının başlamasına artıq sayılı saatlar qalıb. Bütün dünyanın diqqəti bu oyunlara yönəlib.

Mötəbər yarışın işıqlandırılmasında yerli KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Demək olar ki, bu ay ərzində KİV-lərin işi daha çox Avropa Oyunlarına yönələcək. Sözsüz ki, yarışlar ərəfəsində oxucular, tamaşaçılar üçün önəmli olar digər xəbərlər də tirajlanacaq. Ümumilidə isə qeyd edə bilərik ki, mətbuatda yazılan, televiziyada efirə gedən hər bir material ölkəmizi təbliğ edir.

Bəs, belə həssas bir məqamda mətbuat və televiziya necə işləməlidir? Daha çox hansı xəbərlərə yer verilməlidir?

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov AzVision.az-a bildirib ki, mətbuat Avropa Oyunları ilə bağlı öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Onun sözlərinə görə, KİV orqanları bu oyunların məsuliyyətini və önəmini dərk edir: “Mətbuat da, televiziyalar da əsas məqamı oyunlara yönəldiblər. Televiziyaların loqotiplərində də oyunlara nə qədər vaxt qaldığı əks olunub. Eyni zamanda məşəlin Atəşgah məbədindən çıxıb bütün Azərbaycanı dolaşması ilə həm televiziyalarda, həm də çap mətbuatında geniş işıqlandırıldı. Azərbaycan mətbuatında bunları həyata keçirməklə yanaşı oyunlarla əlaqədar ölkəmizi tənqid edən tərəflər də var idi”.

MŞ sədri hesab edir ki, yerli mətbuat ölkəmizə qarşı aparılan antiAzərbaycan kampaniyasının qarşısını ala bilib.

“Ölkəmizə qarşı Anti-azərbaycan kampaniyası gedirdi. Mətbuat bir yandan öz missiyasını yerinə yetirərək oyunların gedişini, hazılıqlarını işıqlandırdı və eyni zamanda qarayaxma kampaniyaların qarşısını almağa müəssər oldu. Bu çox vacib məqam idi. Odur ki, hazırda Azərbaycan mətbuatının gündəmi məhz Avropa Oyunlarıdır”.

Ə.Amaşov Avropa Oyunları ilə bağlı baş redaktorlarla bir neçə dəfə görüş keçirildiyini, onlara müəyyən tövsiyyələrin verildiyini vurğulayıb.

“Jurnalistikada daha çox tənqidi məqamlar var. Dünya mətbuatında da belə bir tendensiya hökm sürür. Bu da redaksiya rəhbərliyinin siyasətindən asılı ola bilər. Bu ərəfədə daha çox marağı oyunlara yönəltmək lazımdır, nəinki məişət zəmnində yaranmış kriminal hadisələrə. Mətbuat bu kimi hadisələrin işıqlandırılmasını istər-istəməz arxa plana keçirməlidir. Amma baş redaktorlar da reallığı anlayan insanlardır. Onlar da öz missiyalarını elə qururlar ki, əsas diqqət Avropa Oyunlarına yönəlsin”.

Media üzrə ekspert Qulu Məhərrəmlinin sözlərinə görə, mətbuatın Avropa Oyunlarını işıqlandırması qaneedici səviyyədədir: “Bizdə kriminal hadisələrin işıqlandırılmasına çox həssas yanaşılır, bəzən də şişirdilir. Bu gün çox şübhəsiz ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün çox ciddi hadisədir. Ona görə Oyunlar daha çox diqqət mərkəzindədir. Amma bütün dünyada kriminal da, xoşagəlməz hadisələrlə yanaşı xoş hadisələr də olur. Media bunları da öz ahəngində işıqlandırılmalıdır. Lakin ənənəvi həssaslıq, sensasiya tonu var ki, ondan çəkinmək lazımdır”.

Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib ki, televiziya rəhbərləri ilə görüş keçirilməsə də onlar bu Oyunların məsuliyyətini dərk edirlər.

Onun sözlərinə görə, Avropa Oyunları bütün televiziyalarda möhtəşəm şəkildə işıqlandırılacaq: “Televiziya və Radio Yayımı haqqında Azərbaycan Respublikası qanunun 2-ci maddəsinə əsasən televiziyaların yaradıcılıq fəaliyyəti peşə müstəqilliyi əsasınada həyata keçirilir. Buna görə də Milli Televiziya və Radio Şurası özəl yayımçılara hər hansı göstəriş vermək hüququna malik deyil.Yaradıcılıq məsələləri televiziya rəhbərlərinin səlahiyyətindədir. Amma əminəm ki, dövlət büdcəsindən maliyyələşən televiziyalar, özəl yayımçılar da Bakı-I Avropa Oyunlarını yüksək səviyyədə işıqlandıracaqlar”.

Qeyd edək ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi əhəmiyyətə malikdir. Təəssüf ki, mötəbər yarışlar ərəfəsində Azərbaycana qarşı ciddi təzyiqlər edilir, ölkəmizin nüfuzuna xələl gətirmək üçün anti-Azərbaycan kampaniyası aparılır.

Mətbuatın üzərinə düşən ən böyük məsuliyyət belə həssas məqamda gündəmi daha çox ölkəmizin təbliğatına yönəltmək, Azərbaycanın imicinə zərər vura biləcək xəbərlərdən çəkinməkdir. Bu baxımdan yerli KİV-lər təxribatlara uymayaraq, öz işini professianal şəkildə görməli, Avropa Oyunlarının keçiriləcəyi günlərdə dövlətin, xalqın yanında olmalıdır.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti