Çıraqovlar Ermənistana qarşı - Avropa Məhkəməsində

Çıraqovlar Ermənistana qarşı - Avropa Məhkəməsində
  16 İyun 2015    Oxunub:3317
Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq.

Bu gün İnsan Haqları üzrə Avropa Məhkəməsində `Çıraqov və başqaları Ermənistana qarşı` işi üzrə dinləmələr keçirəcək. AzVision.az-ın məlumatına görə, bu iş üzrə dinləmələr Bakı vaxtilə 19:00-da Strasburqda İnsan Hüquqları Məhkəməsinin binasında keçiriləcək.

İşğal olunmuş Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfər tərəfindən Ermənistana qarşı şikayətlə bağlı Azərbaycan dövlətinin mövqeyi Avropa Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, Ermənistana qarşı Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən Avropa Məhkəməsində baxılacaq işlərdə Çıraqov və digərlərinin işi ilə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq.

Şikayətdə Azərbaycan vətəndaşları mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər və kompensasiya ödənilməsini tələb edirlər.

Laçın rayonu 17 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və 67 min laçınlı məcburi köçkün düşüb.

Bu gün Minas Sarkisyanın Azərbaycana qarşı şikayətinə də baxılacaq.

Xatırladaq ki, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olmuş, 50 min nəfərdən artıq vətəndaşımız yaralanmış və əlil olmuşdur. Bunlarla yanaşı təcavüzkar müharibə ölkəmizin iqtisadiyyatına milyard manatlarla hesablanan dəhşətli bir zərbə vurmuşdur. Belə ki, müharibə nəticəsində Azərbaycanın 20 faizini təşkil edən 17 min kv. km ərazisi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır həyat tərzi keçirməyə məhkum olunmuşlar. Müharibə nəticəsində ölkəmiz 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsini itirmiş, 1000 iqtisadi obyekt dağıdılmışdır.

Bunlardan əlavə Azərbaycan Respublikası ərazisində yaşamış və Ermənistan tərəfindən işğal nəticəsində torpaqlarından qovulmuş məcburi köçkünlərlə yanaşı, 1988-1989-cu illərdə Ermənistanın sırf 272 azərbaycanlıların və 89 qarışıq kəndlərdə yaşayan 200 mindən artıq azərbaycanlı da öz tarixi vətənlərindən məcburən çıxarılmış və təxmini hesablamalara görə onlara məxsus əmlakın ümumi dəyəri 20 milyard dollardır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  



Xəbər lenti