`Əsas problem Qarabağın həll edilməməsidir` - Artur Rasizadə
Bir çox məsələlərdə Macarıstanın prinsipial mövqeyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini xatırladan Baş nazir qarşılıqlı faydalı əməkdaşlığımızın sənaye, nəqliyyat, turizm, humanitar və digər istiqamətlərdə daim genişləndirilməsinin vacibliyini bildirib. Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söz açan Artur Rasizadə deyib ki, ölkəmizin qarşısında duran əsas problem bir sıra dövlətlərin beynəlxalq məsələlərə ikili standartlarla yanaşması səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.
Laszlo Köver son illər yüksək sürətlə inkişaf edərək regionda lider mövqeyə çıxan Azərbaycanı Macarıstanın strateji tərəfdaşı kimi dəyərləndirib. Azərbaycanlı tələbələrin təhsili üçün Macarıstan ali məktəblərində 200 təqaüdlü yerin ayrıldığını xatırladan qonaq iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji təhlükəsizliyinin təmini məsələsində ölkəmizin xüsusi əhəmiyyətini qeyd edib. Ümumən bütün Avropa İttifaqı üçün Azərbaycan iqtisadiyyatının böyük önəm daşıdığını deyən qonaq Bakıda keçirilən ilk Avropa Oyunlarını əhəmiyyətli tarixi hadisə adlandırıb. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan xalqını və hökumətini təbrik edən Laszlo Köver Bakıda azarkeşlik etmək imkanı qazandığı Macarıstan idmançılarının da uğurlu çıxışlarından məmnunluq duyduğunu söyləyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.







Vaxtında, Aydın, Lazımlı!


