“Özünüzdən Amerika kəşf etməyin” – Deputatdan məsləhət

“Özünüzdən Amerika kəşf etməyin” – Deputatdan məsləhət
  30 İyun 2015    Oxunub:4109
“Şəhərin girişində rayon maşınları üçün xüsusi dayanacaqlar salına bilər. Bu zaman insanların əziyyət çəkməməsi üçün müxtəlif tədbirlər görülməlidir. Məsələn, həmin yerlərə metro xəttləri çəkilməlidir”.
Bunu AzVision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat hesab edir ki, Bakıda tıxacların aradan qaldırılması istiqamətində müəyyən addımlar atılmalıdır.

Millət vəkili qeyd edib ki, Avropa Oyunları keçirilən günlərdə olduğu kimi bundan sonra rayon maşınlarının Bakıya buraxılmaması müəyyən problemlərə gətirib çıxara bilər.

“Bununla bağlı dünya təcrübələri mövcuddur. Rayon maşınlarının şəhərə buraxılmaması düzgün yanaşma deyil. Digər formalar tapmaq lazımdır.

Məsələn, yük maşınlarının şəhərdə hərəkəti üçün lazımı vaxt və xəttlər müəyyən edilməlidir. Biz özümüzdən Amerika kəşf etməməliyik. Belə etsək, çox ciddi bir problem yaratmış olarıq. Düşünürəm ki, rayon maşınlarının şəhərə girişinə indi qadağa qoymaq lazım deyil. Bunun üçün müəyyən zaman lazımdır. İşlər hissə-hissə görülməlidir”.

H.Rəcəbli vurğulayıb ki, Avropa Oyunları ilə əlaqədar şəhərin nəqliyyat sistemində görülən dəyişikliklər öz müsbət nəticəsini verib və tıxac problemi olmayıb.

“Bundan əlavə dərslərin vaxtlarının dəyişdirilməsi məsələsi öz effektini verdi. İş vaxtlarının şəhərin müxtəlif yerlərində ayrı-ayrı qrafiklər üzrə qurulması da müsbət nəticələndi.

Bu gün biz əlavə maşurut xətlərinin çəkilməsinə də nail olduq. İnfrastruktur qaydaya salındı. Nəticədə şəhərdə tıxacın qarşısı alındı. Düşünürəm ki, belə formalar çox məqbuldur”.

Millət vəkilinin fikrincə, rayon maşınlarının şəhərə girişinə qoyulan qadağa qərarının müddəti uzadılmamalıdır: “Belə bir qadağa qərarı qəbul edilsə, sonradan öz müsbət nəticəsini verməyəcək. Yenə də gərginliklər yaranacaq. Rayonda yaşayan əhalinin böyük əksəriyyətinin övladları Bakıda təhsil alır və işləyirlər. Bunun üçün belə qadağanın qoyulması məqbul sayıla bilməz.

Vaxtilə Bakıda körpülər tikiləndə, bütün mətbuat çoxlu miqdarda pulların xəclənməsindən yazırdı. İndi o körpülər olmasaydı Bakıda vəziyyət necə olardı?
Bütövlükdə Avropa Oyunları zamanı biz şəhərdə tıxac problemi ilə üzləşmədik. Bizim yol xidməti orqanları yaxşı işlədilər. Yolların sarı zolaqlarla ayrılması da dünya təcrübəsidir. Ona görə də biz dünyada artıq yoxlanılmış və öz müsbət nəticəsini verən təcrübələrdən istifadə etməliyik”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti